Psixoloq: “Ata obrazı boş qalarsa, daha acınacaqlı nəticələr meydana çıxır”
Mütəxəssislər həyəcan təbili çalır: “Azyaşlı uşaqlar arasında cinayət və zorakılıq halı sürətlə artmaqdadır.” Bəs buna səbəb nədir? Günahkar yalnız uşaqlardımı?
Psixoloq Narınc Rüstəmova Modern.az-a açıqlamasında bildirdi ki, uşaqlarda 12-15 yaşarası mərhələ ən həssas dövrüdür. Psixoloqlar bu dövrü keçid yaş dövrü, hüquqşünaslar isə böhranlı yaş dövrü adlandırırlar, çünki yeniyetmələr pis vərdişlərə daha çox meylli olur. “Bəzi mütəxəssislər yeniyetməlik yaşını 12-13 kimi göstərsələr də, mən 10 yaşdan hesab edirəm. Çünki artıq uşaqlar yaşlarından daha böyükdürlər və daha çox bilirlər”.
Mütəxəssis yeniyetməlik dövründə valideynin üzərinə böyük məsuliyyət düşdüyünü xüsusilə vurğuladı. “Bu dövrdə yeniyetmədə şəxsiyyət formalaşır, onlar valideynə qarşı çıxırlar, üsyan hissi daha güclü olur, emosional və bioloji cəhətdən dəyişiklik keçirirlər və sanki anlaqsızlıq dövrü yaşayırlar. Məsələn, ötən il bölgələrin birində – 12, digərində – 14 yaşlı yeniyetmənin azyaşlı uşaqlara qarşı etdiyi zorakılıq bu fikri təsdiqləyir. Uşaqla dil tapmaq nə qədər çətin olsa da, valideyn bundan boyun qaçırmamalıdır. Yeniyetmədəki dəyişiklikləri qəbul etməyəndə münaqişə yaranır”.
Psixoloq bu kimi halların natamam ailələrdə daha çox müşahidə olunduğunu qeyd etdi. “Ailədə valideyndən biri olmayanda balans pozulur. Məsələn, yeniyetməlik dövründə oğlan uşağı ata ilə daha çox vaxt keçirməlidir. Əgər ata yoxdursa, uşaq ata modelini hər hansı bir şəxsin üzərinə köçürür, analar bu hala xüsusilə nəzarət etməlidir, model yanlış şəxsə köçürülərsə və ya ata obrazı boş qalarsa, daha acınacaqlı nəticələr meydana çıxır. Ata modelini yaxşı tanıdığınız bir şəxsin və ya dayının, əminin üzərinə köçürmək daha uğurlu alınar”.
“Valideyn uşağa normadan az diqqət göstərəndə o, özünü təsdiqləmək, diqqət cəlb etmək üçün pis vərdişlərə daha çox meyl edir. Fərqində belə olmadan müəyyən qərarlar verirlər, məsələn, ateizmə inanır, Allahı inkar edirlər. Onların seçimlərinin arxasında konkret səbəblər dayanmır, sadəcə diqqət cəlb etmək istəyirlər”, – deyən Narınc Rüstəmova ailə modelinin deyil, mühitin nəzərə alınmasının əsas olduğunu bildirdi. – Kompüter oyunları və filmlərdəki şiddət səhnələri isə uşaqların psixologiyasına mənfi təsir edir və onlarda şiddətə meyllilik, aqressiyanı artırır”.
Nigar Məmmədli