COVİD-19 ölkənin sosial müdafiə sistemində ciddi islahatlara ehtiyac olduğunu üzə çıxardı
Bir ildən artıqdır dünyanı bürüyən COVİD-19 pandemiyası bütün sahələrdə çiddi problemlər yaratdı. Pandemiya təkcə insanların uzun illər alışdığı həyat tərzini dəyişmədi, həm də ölkələr üçün bir sınaq oldu. Əksər ölkələrin sosial müdafiə sistemləri isə bu sınaqdan uğurlu çıxa bilmədi.
Azərbaycan pandemiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün ilk dövrlərdən etibarən müəyyən tədbirlər həyata keçirməyə başladı. Rəsmi məlumata görə, COVİD-19 pandemiyası dövründə Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir həyata keçirilib. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı üzrə pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulurdu. Amma dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 2020-ci ilin oktyabrınadək 3,5 milyard manatı ötüb.
Pandemiya dövründə Azərbaycan hökumətinin iqtisadi dəstək paketinin ana xəttini biznesin itkilərinin bir hissəsinin qarşılamaqla yanaşı, həssas sosial qrup insanlara yardım təşkil etdi. Fəaliyyət Planına əsasən işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə müəyyənləşdirildi. Amma həmin birdəfəlik ödəmənin həm məbləğinin, həm də əhatə dairəsinin müəyyənləşdirilməsi asan olmadı. Əvvəcə 200 min insana 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulsa da, sonradan dəstək göstəriləcək insanların sayı 3 dəfəyədək artırıldı. Ötən ilin dekabrında isə karantin rejiminin sərtləşdirilməsi ilə tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq, əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstərilməsi qərara alındı.
Birdəfəlik sosial yardım alan alan şəxslərin seçimi üçün tətbiq olunan kriteryalarının ədalətli və həqiqətən sosial müdafiəyə ehtiyacı olanların seçimini təmin etmək üçün yetərli olmadığı ilə bağlı iddialar var. Digər tərəfdən, hazırda respublikamızda bəzi sahələr üzrə fəaliyyət hələ də bərpa olunmayıb. Maraqlıdır, respublikamızda koronavirusun mənfi təsirlərini azaltmaq üçün həyata keçirilən tədbirlər kifayət qədər effektiv olubmu?
Birdəfəlik ödəmə proqramı üzrə vəsait 333 milyon manat təşkil edib
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən aldığımız məlumata görə, COVİD-19 pandemiyası dövründə Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək tədbirlərindən biri kimi, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Bu proqram ilk dövrdə 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Əlavə olaraq yay aylarında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon, avqust ayında 13 şəhər və rayon üzrədə birdəfəlik ödəmələr verilib. Birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib. 2020-ci ilin dekabrında isə əlavə olaraq 600 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu. Amma həmin mərhələdə bu istiqamətdə nə qədər vəsait xərclənməsi barədə hələlik məlumat açıqlanmayıb.
Birdəfəlik ödəmə ilə bağlı sayı yüz minlərlə ölçülən müraciətlərin müxtəlif dövlət orqanlarına məxsus 25 fərqli elektron informasiya bazalarından inteqrasiya şəraitində emalı, təhlili və qiymətləndirilməsi, bunun nəticəsi olaraq vətəndaşlara ödəniş təyinatı, yaxud təyinatdan imtina barədə məlumatların göndərilməsi nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin, o cümlədən "e-sosial” portalının və "Məşğulluq” altsistemi tərəfindən həyata keçirilib. İlk dəfə birdəfəlik yardım göstərilən 600 000 şəxsin müəyyən olunması da elektron qaydada, tam şəffaf şəkildə aparılıb. Həmin 600 min şəxs işsiz kimi portalda qeydiyyata alınan və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyənlərdən və eyni zamanda, aztəminatlılıq meyarlarına uyğun şəxslərdən ibarət olmaqla müəyyən olunub.
Birdəfəlik ödəmə alanların 42 faizi gənclər olub
Birdəfəlik yardımların verilməsindən sonra mediada və sosial şəbəkələrdə yayılan məlumatlar göstərdi ki, həssas risk qrupuna daxil olan işsizlər, çoxuşaqlı ailələr və ahılların heç də hamısı bu sosial dəstək tədbirindən yararlana bilmədi. Halbuki hüquqi baza elə formalaşdırılmalı idi ki, ehtiyacı olan hər kəs pandemiya dövründə sosial müdafiə tədbirlərindən bərabər şəkildə yararlana bilsinlər. Bu məsələdə dəqiq statistik bazanın mövcudluğu da az rol oynamır.
Belə ki, ilk mərhələdə birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayan şəxslər olub. Qalan 68 faiz isə respublikanın digər bölgələrini əhatə edir.
Yaş bölgüsünə gəldikdə birdəfəlik ödəmə alanlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30, 25 faizi 30-40, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır. Birdəfəlik yardım alanların 42 faizinin 20-30 yaş arasında olan şəxslər təşkil etməsi həm də gənclər arasında işsizlik səviyyəsinin yüksək olduğunu göstərir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, COVİD-19 pandemiyası dövründə həyata keçirilən sosial dəstək tədbirləri 5 milyona yaxın insanı əhatə edib və demək olar ki, ölkədə dəstəyə ehtiyacı olan hər bir ailə dəstəklə təmin olunub. İşsizlərlə yanaşı, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə də ödəmə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, hazırda nazirlik tərəfindən 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması istiqamətində tədbirlər görülür.
"Ehtiyacı olan xeyli insan bu dəstəkdən kənarda qaldı"
Məsələyə münasibət bildirən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyir ki, pandemiya həm də bir çox problemləri üzə çıxardı:
"Hökumətin pandemiya dövründə fəaliyyəti bir neçə istiqaməti əhatə etdi. Birdəfəlik müavinət üçün təxminən 1 300 000 insan müraciət edərək işsiz və sosial müdafiəyə ehtiyac olmalarını bəyan etdilər. Hətta Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat açıqladı ki, müraciətlərin çoxluğu səbəbindən qurumun elektron informasiya sistemi məlumatları qəbul edə bilmir. Bu həm də göstərdi ki, ölkədə işsizlərin sayı ilə bağlı dürüst statistika yoxdur. Daha əhatəli olduğu bildirilən 190 manat birdəfəlik ödəmə də yetərli olmadı və ehtiyacı olanları tam əhatə edə bilmədi. 190 manatın zəruri ehtiyacları qarşılamaq üçün yetərli məbləğ olmaması bir tərəfə, həm də ehtiyacı olan xeyli insan bu dəstəkdən kənarda qaldı. Ailəsini günəmuzd işləməkdən aldığı 5-10 manatla dolandıran, amma pandemiya səbəbindən bu gəlirdən də mərhum olan insanın həyat yoldaşı kiçik məbləğdə müavinət alırdısa, yaxud nə zamansa adlarına avtomobil olubsa və bu yalnız sənədlərdə qalırdısa onlar birdəfəlik müavinət ala bilmədi. Yaxud kiminsə adına torpaq sahəsi varsa, hətta ondan istifadə etməsə belə müavinət verilmədi. Birdəfəlik yardım verilməsi üçün müəyyən edilən 600 000 şəxsin seçilməsinin də heç bir statistik və elmi əsaslandırması olmadı. Birdəfəlik yardım alan şəxslərin sayı, adı, soyadı ictimaiyyətə açıqlasa da, onların müəyyənləşdirilməsi üçün alətlərlər obyektivlik üçün yetərli deyildi".
"Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı pandemiya şəraitində əhalinin sosial müdafiəsi üçün xarici təcrübədən yararlanmağı vacib sayır: "Çexiya təcrübəsi diqqətimi daha çox cəlb etdi. Çexiya pandemiyadan zərər çəkən fəaliyyət sahələrində çalışanların vergilərini dondurdu, həmin şəxsləri işsiz kimi qeydiyyata alıb dəstək verdilər. Sərt qapanmaya getmədən insanları pandemiya şəraitində yaşamağa alışdırdılar. Düşünürəm ki, Azərbaycan da Çexiya, Almaniya və Gürcüstan təcrübəsindən də yararlana bilərdi".
Digər ölkələrin də koronavirusa qarşı mübarizəsinə baxıb müsbət addımlardan yararlanmaq olar
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva isə deyir ki, pandemiyanın yayıldığı ilk dövrdən Azərbaycanda əhalinin sosial müdafiəsini təmin etmək üçün tədbirlər həyata keçirildi: "İqtisadi fəaliyyətin dayanmaması üçün sahibkarlıq subyektlərinə yardım edildi. Əhalinin aztəminatlı hissəsinə birdəfəlik yardımlar ayrıldı. Səhiyyə sahəsində edilən səfərbərlik, tikilən yeni tipli modul xəstəxanalar və cəmiyyətin birliyi sayəsində pandemiyanın ilk mərhələsindən minimum itki ilə çıxa bildik".
"COVİD-19-a qarşı mübarizədə hər bir ölkə öz təcrübəsini ortaya qoydu. İndiyədək səhiyyə sisteminin son dərəcə güclü olduğu bildirilən ölkələr də, koronavirus qarşısında aciz duruma düşdü. Koronavirusun ən çox ölümə səbəb olduğu ölkələrdən biri də ABŞ oldu. Çin sərt tədbirlərə əl ataraq virusun qarşısını ala bilsə də, yenidən ölkədə yoluxmalar müşahidə olundu. Bu səbəbdən hansısa ölkənin təcrübəsinin Azərbaycan üçün nümunə olacağını düşünmürəm. Amma digər ölkələrin də koronavirusa qarşı mübarizəsinə baxıb müsbət addımlardan yararlanmaq olar",- deyə J.Əliyeva qeyd edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə o qənaətdədir ki, Azərbaycanda COVİD-19 Pandemiyasının mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər ilkin dövr üçün effektiv olub: "Hökumət həm əhalinin sosial müdafiəsini təmin etmək üçün, həm də sağlamlığının qorunması üçün konkret addımlar atdı. Pandemiyaya yoluxanlanların müalicəsi üçün çarpayı sayı 20 minədək artırıldı. Aztəminatlı şəxslərə birdəfəlik yardım verildi və iş yerlərini itirən muzdlu işçilərin əmək haqlarının qorunması üçün əlavə dəstək tədbirləri görüldü. Pandemiyanın mənfi təsirlərini azaltmaq üçün görülən bu tədbirlərdən narazı qalanlar olsa da, ilk dövrlərində operativ həyata keçirilən bu tədbirlər təqdir edilməlidir. Nəzərə alınmalıdır ki, bu yardımlar heç bir yerdən qazacı olmayan və gəlir əldə edə bilməyən ailələrə verilməlidir".
"Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi istiqamətində islahatların davam etdirilməsi ehtiyac var"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı hazırlanan sosial paket işsizlərə aylıq sosial müavinətin verilməsini nəzərdə tuturdu: "İlkin mərhələdə 200 min vətəndaşa maddi yardım edilməsi nəzərdə tutulsa da, sonradan bu rəqəm 600 minə çatdırıldı. Bu ilin aprel-may aylarında aylıq olaraq 600 min vətəndaş bu sosial dəstəkdən yararlana bildi. Eyni zamanda növbəti aylarda sərt karantin tədbirlərinin davam etdiyi rayonlarda birdəfəlik yardımın verilməsi həyata keçirildi.
İşsizlər üçün ödəniş isə birdəfəlik yardım formasında həyata keçirildi. Sonradan aparılan monitorinqlər göstərdi ki, pandemiyadan əvvəl işləyən, amma əmək müqaviləsi olmadan, yəni qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımızın sosial təminatında müəyyən problemlər yaranır. Biz də bu qrupdan olan vətəndaşlara birdəfəlik sosial yardım verilməsi təklifi ilə çıxış etdik. Bu təkliflər qəbul edildi və həmin vətəndaşlar da birdəfəlik yardım aldı. Eyni zamanda bu hal göstərdi ki, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi istiqamətində islahatların davam etdirilməsi və genişləndirilməsinə ehtiyac var".
Pandemiya sosial aspektlər üzərindən siyasət həyata keçirən bir çox ölkələr üçün də yeni oldu. Yeni olduğu üçün də prosesin idarə edilməsində nöqsanlar ortaya çıxdı. Hətta oturuşmuş sosial müdafiə sistemi olan ABŞ, Avropa ölkələrində də xidmət paketlərinin özündə və icrasında nöqsanlar üzə çıxdı. Azərbaycanda isə birdəfəlik yardım üçün edilən müraciətlər göstərdi ki, bəzi statistik məlumatlar heç də mövcud reallığı əks etdirmir. Xüsusən, işsizliyin səviyyəsi ilə bağlı illərdir səsləndirilən rəqəmlərin real olmadığı göründü. Həm də üzə çıxdı ki, vətəndaşların özlərinin məlumatı olmadan adlarına VÖEN açılıb, vətəndaşın xəbəri olmadan bəzi dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxs kimi qeydiyyatdadır. Yəqin ki, postpandemiya dövründə hökumət yenidən bu məsələlərə qayıdıb araşdırma aparacaq.
Xalid VAHİDOĞLU