UNEC-də “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçirilib.
Modern.az xəbər verir ki, seminarda Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılov iqtisadi inkişafın dünya təcrübəsindəki modellərindən söz açıb. Mərkəz rəhbəri bazar iqtisadiyyatı şəraitində hər bir ölkənin rəqabət mühitində mövqeyini qoruması üçün yeni innovativ məhsul istehsal etməli olduğunun zəruriliyinə diqqət çəkərək bu istiqamətdə innovasiya fəaliyyətini genişləndirilməli olduğunu vacibliyini vurğulayıb.
İnnovasiya Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev Azərbaycanda innovativ sahibkarlığın formalaşması və inkişafında dövlət tərəfindən innovasiyaların təşviqini stimullaşdıran fəaliyyət proqramlarından söz açıb, innovativ sahibkarlığın dövlət və cəmiyyət qarşısında yaratdığı çevik strateji çağırışları seminar iştirakçılarının diqqətinə çatdırıb.
İnnovativ sahibkarlığın təsnifatını açıqlayan Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov, bu sahibkarlığın inkişafında kiçik və orta sahibkarların qarşılaşdığı problemlərdən danışıb, onların aradan qaldırılması istiqamətində innovasiya yönümlü inkişaf strategiyalarını bölüşüb.
Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov isə yeni erada istehlak davranışları və şirkətlərin dəyişən satış anlayışlarından, qlobal e-ticarət şəbəkələrindən, innovativ məhsulların satış və paylanma kanallarından, multikultural paylama strategiyalarının planlanması və idarə olunması proseslərindən söz açıb.
Seminarin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.