Modern.az

Uşaqların başqa bayramları tanıması müsbət haldır - AÇIQLAMA

Uşaqların başqa bayramları tanıması müsbət haldır - AÇIQLAMA

Təhsil

Bu gün, 16:25

Son illərdə qloballaşma və mədəniyyətlərarası inteqrasiyanın sürətlənməsi Azərbaycanda müxtəlif beynəlxalq bayramlara marağı artırıb. Xüsusilə gənclər və məktəblilər arasında populyarlaşan Halloween bayramının təhsil müəssisələrində qeyd olunması isə müzakirələrə səbəb olur.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, məktəb və bağçalarda təşkil edilən hər bir tədbirin konkret pedaqoji məqsədi olmalıdır.

Ekspertin sözlərinə görə, burada əsas məsələ yalnız Halloween bayramının keçirilməsi deyil, təhsil müəssisələrinin uşaqlara hansı dəyərləri və hansı formada təqdim etməsidir.

"Məktəb və bağça yalnız tədbirlərin təşkil edildiyi məkan deyil, həm də uşağın dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və şəxsiyyətinin formalaşdığı mühitdir. Xüsusilə məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün Halloween adı altında xüsusi bayram tədbirlərinin keçirilməsinə ehtiyatla yanaşılmalıdır. Çünki 3-6 yaşlı uşaqlar gördüklərini, eşitdiklərini və iştirak etdikləri fəaliyyətləri çox vaxt tənqidi təhlil edə bilmirlər. Onlara təqdim olunan hər bir obraz, simvol və davranış dünyagörüşlərinin formalaşmasına təsir göstərə bilər", – deyə ekspert vurğulayıb.

Ə.Həsənli qeyd edib ki, uşaqların digər xalqların mədəniyyəti, adət-ənənələri və bayramları ilə tanış olması təbii və müsbət haldır. Lakin bu, həmin bayramların mütləq şəkildə təhsil müəssisələrində xüsusi tədbir kimi keçirilməsini zəruri etmir.

"Biz dünyaya qapalı cəmiyyət kimi yanaşmamalıyıq. Uşaqların başqa xalqların adət-ənənələri, mədəniyyətləri və bayramları haqqında məlumatlandırılması normaldır. Amma bir bayram haqqında məlumat verməklə həmin bayramı məktəbin, yaxud bağçanın rəsmi tədbirinə çevirmək eyni deyil. Burada əsas məsələ Halloween-in keçirilib-keçirilməməsindən daha çox, bunun hansı pedaqoji məqsədə xidmət etməsidir. Azyaşlı uşaqların qorxulu maskalar, ölüm və mistik obrazlarla qarşılaşdırılmasının, onların bu mövzuda xüsusi tədbirlərə cəlb edilməsinin pedaqoji baxımdan nə dərəcədə məqsədəuyğun olduğu ciddi müzakirə edilməlidir".

Təhsil eksperti vurğulayıb ki, digər xalqların mədəniyyətlərinə maraq göstərilməsi milli-mənəvi dəyərlərin ikinci plana keçirilməsi ilə nəticələnməməlidir.

"İlk növbədə öz milli-mənəvi dəyərlərimiz, tariximiz və mədəniyyətimiz uşaqlara aşılanmalıdır. Başqa mədəniyyətləri tanımaq öz mədəni kimliyimizi arxa plana keçirmək hesabına olmamalıdır. Məktəb və bağçalar qarşılarına çıxan hər populyar bayramı qeyd etmək yarışına qoşulmamalıdırlar. Çünki təhsil müəssisəsinin əsas missiyası uşaqları əyləndirməkdən daha böyükdür", – deyə Əmrah Həsənli fikirlərini yekunlaşdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Müharibəyə hazırlıq