Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmasıdır. Qanunvericiliyə əsasən,18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub.
Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu barədə Modern.az-a danışarkən qeyd edib ki, belə hadisələrin yenidən aktuallaşmasının səbəbi pandemiya oldu:
“Bu problem yeni deyil. Azyaşlı qızın valideyinləri düşünürlər ki, yaşı ötmüş şəxslər həyatı dərk edir və daha sabitdirlər. Sanki qızlarını belə kişilərə ərə verməklə övladlarının gələcəyini sığortalayırlar. Bir misal var: “Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq”. Bu düşüncə ilə hesab edirlər ki, qızları quyruq yeyəcək. Digər tərəfdən, valideynlər fikirləşir ki, yaşı çox olan şəxsin müəyyən qədər maddi imkanı, təcrübəsi onu ailəyə daha çox bağlı edər.
Eyni zamanda, bu məsələlərin daha da aktuallaşmasının kökündə pandemiya dayanır. Təhsil və ictimai nəzarət məsələlərinin kənarda qalması nəticəsində bu cür faktlar ortaya çıxır. Pandemiya çoxlu fəsadlar gətirdi. Bu sahədə kifayət qədər mexanizm qurulmuşdu, artıq hər şey iflic vəziyyətdədir.
Qanunlar nə qədər sərtləşdirilsə də, bunun qarşısını almağın tək yolu ictimai qınaqdır. Həmin şəxslərin toylarına getməkdən imtina edilməsə, həmin bölgədə o ailədən üz döndərilməsə, qarşısını almaq mümkünsüz olacaq. Bununla yanaşı, təbii ki, yerli qurumlar bu məsələdə aktiv fəaliyyəti ilə seçilməlidir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, hazırkı dövrdə erkən nikahlarda azyaşlı qızların öz istəkləri də rol oynayır:
“Bu barədə komitəmiz tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Amma bütün bunlara baxmayaraq, qız uşaqlarının erkən yaşda ərə verilməsinin səbəbləri kimi sosial problemlər və mental dəyərlərimiz də dayanır. Belə hadisələr əksərən təhsilsiz ailələrdə baş verir. Erkən yaşda ərə verilməyin ailə məcburiyyəti faktlarından başqa, qızların özünün bunu istəməsi faktı da var.
İki gün öncə Masallıdakı 14 yaşlı qız komitə üzvlərinə bildirib ki, o, özsündənm çox yaşlı şəxsi öz istəyilə sevib, nişanlanıb. Təbii ki, ailə təzyiqi nəticəsində də belə açıqlama verə bilər. Amma qızların da istəyi qaçınılmaz hadisədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən belə hadisə qeydə alınmış ailələrlə danışıqlar aparılır, həmin ailəyə psixoloqlar təyin olunur. Mütəmadi olaraq həmin ailələrlə kontakta oluruq.
Qeyd etmək lazımdır ki, bu tək bizim problem deyil. BMT-nin ötən il açıqladığı statistikaya əsasən, hər il dünyada təxminən 12 milyon qız uşağı 18 yaşına çatmamış ərə verilir”.
Fidan İlqar