Rusiyanın bir sıra hava limanlarında uçuşların gecikməsi və ləğvi qeydə alınıb. Gecikən reyslər arasında “Azərbaycan Hava Yolları”nın (AZAL) Moskvadan Bakıya uçuşu da var.
Modern.az URA.RU-ya istinadən xəbər verir ki, oktyabrın 30-u axşam və 31-nə keçən gecə Moskvanın Şeremetyevo, Vnukovo və Domodedovo, həmçinin Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuş cədvəllərində dəyişikliklər yaranıb.
Nəşrin məlumatına görə, Domodedovo hava limanından Bakıya yerinə yetirilən J2 182 nömrəli reysin uçuş vaxtı Moskva vaxtı ilə saat 13:45-ə, Bakı vaxtı ilə 14:45-ə keçirilib.
Digər hava limanlarında da onlarla reys gecikib, bəzi uçuşlar ləğv olunub. Dəyişikliklər Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərləri daxil olmaqla müxtəlif istiqamətlərə təsir edib.
Qeyd edək ki, göstərilən vaxt nəşrin məlumatı yaydığı ana aiddir və uçuş cədvəli yenidən dəyişə bilər.