Artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb. Ermənistan tərəfi yolun açılması üçün Azərbaycanla danışıqlara cəhd etsə də, istəyinə nail ola bilməyib.
Ermənistan rəsmiləri iddia edir ki, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar.
Hadisə Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra baş verib. Yolun bağlanması İrandan Ermənistana gələn nəqliyyat vasitələrinin də işini çətinləşdirib. Hərəkətsiz qalan İran maşınları yolun açılmasını gözləyirlər.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Modern.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Gorus-Qafan yolunun bağlanması doğru addımdır:
“Ermənistanın son vaxtlar revanşist addımları Azərbaycan tərəfindən ciddi qarşılanır. Hətta xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı addımlardan əl çəkmədi. Sərhədboyu ərazidə Azərbaycanın hərbi qüvvələrinə atəş açmaqda davam edirlər. Bununla bağlı Azərbaycan tərəfindən İrəvana ciddi şəkildə mesajlar göndərilirdi, amma nəticə yox idi.
Bir neçə gün bundan öncə sərhədçimizə edilən hücuma artıq səssiz qala bilmərik. Azərbaycan sadəcə olaraq öz geniş imkanlarının çox az qismindən istifadə edərək Gorus-Qafan yolunda hərəkəti məhdudlaşdırdı”.

Partiya sədrinin sözlərinə görə, əgər Ermənistan maşınlarının bizim ərazidən keçməsini və İranla əlaqələrinin davam etməsini istəyirsə, özünü yığışdırmalıdır və revanşist addımlardan əl çəkməlidir:
“Gorus-Qafan yolunun bağlanması Ermənistanı reallığa qaytarmaq üçün atılmış ciddi addımdır. Məncə, Ermənistan bundan nəticə çıxarmalıdır. Əgər çıxarmasa, daha sarsıdıcı zərbələrlə üz-üzə qalacaqlar”.
Qeyd edək ki, Gorus-Qafan yolunun bir hissəsiAzərbaycan ərazisinə düşür. İkinci Qarabağ müharibəsindən sonra Sovet dövründəki sərhəd xəttinə uyğun olaraq, Azərbaycan Ordusu bu ərazilərdə bir neçə post qurub. Nəticədə Zəngəzur bölgəsində ermənilərin yaşadığı Şurnuxu kəndi ikiyə bölünüb.
Hazırda Qafan-Gorus avtomobil yolunun Karmrakar və Şurnuxu kəndindən keçən hissələri Azərbaycan ərazisinə düşür və həmin bölgədə yola hərbçilərimiz nəzarət edirlər. Kəndi bölən yol Azərbaycanla Ermənistan arasında yeni sərhəddir.
Fidan İlqar