Modern.az

Türkiyə səfirindən Əliağa Vahidlə bağlı maraqlı PAYLAŞIM

Türkiyə səfirindən Əliağa Vahidlə bağlı maraqlı PAYLAŞIM

Aktual

13 Sentyabr 2021, 10:24

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Əliağa Vahidin İçərişəhərdəki heykəli ilə bağlı maraqlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, səfir bunun dünyada ən maraqlı heykəl olduğunu bildirib:

 

"Dünyada gördüyüm ən maraqlı heykəl. Şair və sənətkar Əliağa Vahidin həyat hekayəsi heykəlinin üzərində təsvir edilib".

 

 

Qeyd edək ki, Əliağa Vahidin heykəli 1989-cu ildə hazırlanıb. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir.

 

Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində heykəlin həm orijinal bədii, həm də memarlıq həlli tapılıb. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qaynaqlanır.

 

Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən “göyərdilməsi” - davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilib. Abidənin tunca köçürülməsi Sankt-Peterburqda baş tutub.

 

Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metrə endirilib. Abidə quruluş etibarilə şairin başının təsvirindən ibarət olsa da, əslində, çoxsüjetli heykəltəraşlıq nümunəsidir. 1990-cı il oktyabrın 27-də isə abidənin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yanındakı bağda təntənəli açılışı keçirilib. 2008-ci ildə heykəlin yeri dəyişdirilərək İçərişəhərə köçürülüb.

 

Abidə haqqında heykəltəraş Rahib Həsənov bunları deyib:

 

“1989-cu ildə memarlar Sənan Salamzadə və Cahangir Məmmədov Vahidin heykəlini hazırlamağı mənə tapşırdılar. Bir neçə gün düşündükdən sonra heykəlin maketini plastilindən düzəltdim. Heykəlin görünüşünə nəzər salanda ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Burada Vahidin toy məclisi təsvir olunub. O öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir. Bütün insanlar- dahilər də, adilər də torpaqdan yaranıb və torpağa da qayıdacaq. Heykəldə Vahidin başı kök atıb inkişaf edir, bir ağac kimi böyüyür. Dünya dağılır, dəyişir, zəlzələlər olur, amma yer, torpaq əbədi olaraq qalır. Bu ağaclar da onun üzərində inkişaf edib böyüyür. Bax budur, Vahidin sirri, bir qəzəlxan şairin həyat fəlsəfəsi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı