Hərbi jurnalist Şöhrət Eyvazov “TÜRKSOY Media Mükafatı”na layiq görülüb.
Modern.az xəbər verir ki, mükafat ilk olaraq şəhid media nümayəndələri - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışovun ailə üzvlərinə təqdim edilib.
Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak, “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, fotoqraf Rza Deqati, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan bir qrup media nümayəndəsi də “TÜRKSOY Media Mükafatı” ilə təltif ediliblər.
Azərbaycandan 7 jurnalist bu mukafata layiq görülüb və onların arasında İctimai Televizyanın Qarabağ muxbiri Şöhrət Eyvazov da var.
Mükafat 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edilir.
2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə verilib.