Qadınlara qarşı zorakılıq artıq neçə illərdir QHT-lər, hökumət, eləcə də beynəlxalq təşkilatlar qarşısında həll olunmaz məsələyə çevrilib. Problemin qarşısının alınması üçün müəyyən cəhdlər, xüsusi proqramlar, qanun layihələri qəbul olunsa da, heç bir nəticə vermir. Hətta ötən gün ailə münaqişəsi zəminində atası tərəfindən jurnalistin öldürülməsi məişət zorakılığı problemini yenidən gündəmə gətirdi. “Məişət zorakılığı haqqında” qəbul edilən qanun bu hadisədən sonra yenidən yada düşdü.
“Məişət zorakılığı haqqında” qanunun işləmədiyini deyən “Təmiz Dünya” Qadınlara Hüquqi Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qanun işləməsi üçün xüsusi polislərin yaradılmalı, qadın polislərinin sayının artırılmalıdır. Amma polisin fəaliyyəti də görünmür: “Ümumiyyətlə bu qanun daha çox profilaktik xarakterli qanuna bənzəyir. Orada cinayət tərkibli hərəkətlərə daha ciddi fikir verilməsi və cinayətkarların ağır cəzalandırılması o qədər də diqqət mərkəzində dayanmır. Cəza orderi məsələsi bu günə kimi həll olunmamış qalır. Qanunun proseduru, tətbiqi onun mərhələsi lazımı formada diqqət mərkəzində deyil. Eləcə də maarifləndirmə də geniş səviyyədə aparılmır. İnsanların çoxu bu barədə məlumatsızdır”.
Qanunun 3 hissədən ibarət olduğunu söyləyən Birlik sədri bildirdi ki, hüquqi, sosial və profilaktik tədbirlərdən daha çox profilaktik tədbirlər və zərərçəkmişlərə göstərilən yardımlarla bağlı xüsusi müəssisələr diqqətdə saxlanılır. Buna baxmayaraq, xüsusi müəssisələrin özlərinə dəstək məsələsi yoxdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə QHT ilə gələn il üçün müəyyən tədbirlərin görülməsini nəzərdə tutur. Amma bu da tam həyata keçirilməyib. Qanunda daha çox hərəkətedici addımlar görmürəm. Məsələn, qadın polisi yoxdur. Halbuki qadın polisi yaradılmalı və onlar münaqişəli evlərə getməli, onlarla söhbət aparmalıdırlar. Bunlar hələ ki, həll olunmamış qalır. Qanun hələ ki, öz qüvvəsi ilə işləmir. Orada bölüşürlər ki, filan nazirlik filan işi etsin, amma polislə bağlı heç bir tapşırıq verilmir. Yalnız hüquq mühafizə orqanlarına müraciət daxil olandan sonra polis iştirakçıya çevrilir. Burada da xüsusi mental fikirlər var ki, polisin də əlində bir əsas olmadığından heç nə edə bilmir. Çox vaxt mental dəyərlər qanunu üstələyir”.
Yeri gəlmişkən, “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi bu ilin 11 ayı ərzində qətlə yetirilən qadınların statistikasını açıqlayıb. Birliyin sədri Mehriban Zeynalovanın mediaya verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib, 17 qadın isə müxtəlif xəsarətlər alıb. Qadınları qətlə yetirənlər əsasən onların həyat yoldaşları olub. Bundan başqa, bildirilib ki, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin mətbuatda apardığı monitorinqin nəticələrinə görə, 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu son dövrlər məişət zorakılığının artmasını qanun işlək mexanizminin yoxluğunda görür. Onun sözlərinə görə, ilk növbədə QHT-lər, hökumət strukturları və polis birlikdə qanunun işlək mexanizmini hazırlanmalıdırlar: “Hər gün neçə qadın öldürülür. Vəziyyət o həddə çatıb ki, bir qrup QHT prezidentə məktub da yazıb. Ümumiyyətlə qanunu işləməsi üçün işçi qrup yaradılmalıdır. Birinci növbədə isə məişət zorakılığının baş verməməsi üçün nəyə fikir verilməlidir, qadınlar ailədə nəyə fikir verməlidir, onlara qarşı zorakılıq olanda kimə müraciət etməlidirlər kimi məsələlər qabardılmalıdır. Bələdiyyələr, icra hakimiyyətləri və müvafiq orqanlar araşdırılmalıdır ki, belə zorakılıqlar olmasın”.
Gültəkin Ələsgər