Modern.az

Bir də gördün fotodur adam... - Şəhid Nicat Atayev

Bir də gördün fotodur adam... - Şəhid Nicat Atayev

Aktual

1 Oktyabr 2021, 17:55

Azərbaycan Ordusunun leytenantı Nicat Habil oğlu Atayev 5 mart 1994-cü ildə Mingəçevir şəhərində dünyaya göz açıb. 27 sentyabr 2020-ci il tarixində Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. 

 

Azərbaycan Prezidenti İham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “ Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. II Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. “İlklər gözəldir” deyirlər. Unutmuruq, haqq savaşımızın başlandığı tarix, əsarətin  zəncirləri ilk dəfə idi qırılırdı. Necə mi? bax, elə həmin günün, bu savaşın ilk şəhidləri hesabına. Şəhid Nicat Atayev də bu gün - 27 sentyabr tarixində 30 il həsrətini çəkdiyimiz zəfəri bizə daddırıb, elə həmin  gündə də vidalaşdı. Sonrakı zəfərləri ən uca yerdən izləmək üçün qoyub getdiyi iz kimi əbədiyyən ayrıldı. 

 

Modern.az xəbər verir ki, bir zamanlar Nicatın addım atdığı bu yollar, MediaTürk TV-nin əməkdaşlarını cismən onsuz olan evinə - Atayevlər ailəsinə aparır. Veteran atanın Şəhid övladı. Bir vaxtlar - 1-ci Qarabağ savaşında silaha sarılmış Habil Atayev bəlkə də, düşünməzdi ki, ata yolunu oğlu da gedər. Hətta daha çox irəliyə - Şəhadətə:

 

“Özünə də dedim. Mən artıq o yolu keçmişəm. O mənə deyirdi sizin dövr başqadı, bizim dövr başqa. Özü danışırdı ki, bu günləri əmr verilsə, torpaqlarımız işğaldan azad olunmalıdır. Özü bilirdi ki, torpaqlarımızı gec-tez qaytarmalıyıq”.

 

Hərbiçi həyatı həyəcanla, həsrətlə keçər. Darıxar insan. Bəlkə də şəhid yaxınlarına yad hiss deyil darıxmaq hissi. Amma bir fərq var. İndi o yuvada, bu məkanda əbədiyyətə qovuşub o səs, doğma nəfəs. Ailəsinə bağlı olan şəhidimiz indi onlardan ayrı, müqəddəs zirvədə yer alıb. Min bir əziyyətlə böyüdülər övladlar. Bu əziyyətin fonunda bitməz-tükənməz arzular və onların gerçəkləşməsini gözləyən ümidlər dayanar. Ata Habil Atayevin gözlərinin dərinliklərindən sezilirdi gerçəkləşməyən arzular: 

 

 

“27 yaşı vardı. Nə ailə qura bildi. Mənim də arzularım var idi ki, gəlsin şəhərdə xidmət eləsin. Ailəsi olsun. Qismət olmadı”.Bu evin qonağı olarkən, Şəhid Nicat üçün hazırlanmış güşəni seyr edərkən, bir hədiyyə diqqətimizdən yayınmır. “Allaha şükr edirik ki, sənin kimi anamız var” sözləri ilə başlayan cümlələr Nicatın canından keçdiyi ana Vətəni kimi, onu bu dünyay gətirən anasına olan sevgisinin ifadəsi idi. Valideyn qəlbi kövrək olur. Gizlədilər onlardan çox şey. Amma bu dəfə Nicat ondan - qardaşı Ülvidən son danışığında ola biləcəkləri gizlətmədi. Mən yoxamsa, sən varsan dedi. Bilirdi, hiss edirdi.

 

“26-sı günü axırıncı dəfə danışığımız olub. Mənlə sağollaşmışdı. Şəkillərini, videolarını göndərmişdi”- deyir Ülvi Atayev Şəhid evi deyilərək anılan bu məkandan ayrılarkən binanın önündə dayandıq. Bura bayaq fotoda gördüyümüz o məkandır. Bir vaxtlar Nicatın xoşbəxt günlərindən brinin əbədiləşdiyi bu məkan indi onun hüzün, eyni zamanda qürur dolu ildönümünə şahidlik edir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı