Uzun müddətli karantin rejimindən sonra ölkədə vaksinasiya prosesinin sürətlə getməsi, virusa yoluxma statistikasının azalması və insanların gigiyenik qaydalara əməl etməsi səbəbi ilə yumuşalmalara gedilir.
İyulun 1-dən toy, şənlik mərasimlərinin keçirilməsinə, sentyabrın 29-dan bütün ali və orta təhsil ocaqlarının öz fəaliyyətini ənənəvi qaydada bərpa etməsinə və oktyabrın 1-dən isə teatrların, kino zallarının açılmasına icazə verildi.
Maraqlıdır, bu qədər yumuşalmadan sonra yas mərasimlərinin keçirilməsinə niyə icazə verilmir?
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, yas mərasimlərinin keçirilməsinə icazənin verilməsi mənasızdır:
“Toyla yası eyniləşdirmək düzgün deyil. Yas mərasimlərinin keçirilməsin icazənin verilməsinin mənası yoxdur. Onsuz da insanlar ayrı-ayrı yığışıb, hansısa şəkildə yas mərasimlərini keçirirlər. Bu o deməkdir ki, yas mərasimlərinin keçirilməsinə icazə verilsə, genişləndirilsə, mərasim evlərində minlərlə adam yığışmağa başlayacaq. Bu da yoluxmanın, xəstəliyin artması ilə nəticələnəcək. Amma indiki vəziyyətdə icazənin verilməsini məqsədəuyğun saymıram”.

F.Mustafa qeyd edib ki, toy mərasimlərində konkret şəxslər olduğu halda, yas mərasimlərində nə qədər şəxsin iştirak edəcəyi bilinmir:
“İnsanların yaslarını evlərində dar bir çevrədə keçirməsi daha yaxşıdır. Çünki virus riski qalır.
Toy mərasimi, şənliklər elədir ki, məhdudiyyəti qoymaq olur. Konkret şəxsləri çağırırsan. Yasda isə məhdudiyyət yoxdur, eşidən gəlir. Və 50 nəfər əvəzinə 1000 nəfər yığışır. Bu xəstəliyin yayılmasının əsas şərtlərindən birinə çevrilir.
Evinə gələni qovası deyilsən ki, mənə sayı bu qədər veriblər. Ona görə bu məsələyə başqa tərəfdən yanaşmağın doğru olmadığını düşünürəm. Operativ Qərargah bu məsələyə toxunmamaqla düzgün addım atır”.
Fidan İlqar