Avropa İttifaqı Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib və razılığa gəlinib.
Amma Avropa İttifaqının nümayəndəsi Brüssel görüşündən əvvəl Ermənistana gedib.
Bu səfər nədən xəbər verir, nələr razılaşdırılacaq?
Siyasi ekspert Elman Vəliyev Modern.az-a açıqlamasında deyib ki, Aİ-nın bu məsələdə çox da böyük rol olacağını zənn etmir:
“Əsas məsələ Soçi görüşündə həll edildi. Necə ki, Soçi görüşündən əvvəl Rusiyanın Bbş nazir müavini Aleksey Overçuk bölgəyə səfər edərək tərəflərlə görüşüb, proseduru izah etdi. Hesab edirəm ki, Aİ sədrinin bölgə səfəri də bu proseduru özündə əks etdirəcək”.
Ekspertin sözlərinə görə, sədrin Azərbaycana səfərini də gözləmək olar:
“Avropa İttifaqına ən lazımlı Azərbaycandır, nəinki Ermənistan. İki tərəf arasında iqtisadi, siyasi, sosial seqmentlərdə inkişaf dinamikası müşahidə edilir.
Brüssel görüşü tərəflər arasında 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək deyil də, diplomatik danışıqların aparılması üçün önəmlidir. Çünki Rusiya Aİ-nin bu arzusunu qabaqlayaraq, özü prosesin icraatına başladı. Ermənistan tərəfi ola bilsin ki, bu görüşdə əsirlər məsələsini gündəmə gətirsin. Azərbaycan tərəfi də haqlı olaraq, mina xəritələrinin verilməsini tələb edə bilər. Həmçinin, bu görüşdə tərəflərin müdafiə nazirlərinin birbaşa əlaqələrinin olması istiqamətində addımlar atıla bilər”.