Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının öz internet televiziyasında səsləndirdiyi fikirlər yenə müzakirələrə səbəb olub. Xüsusilə, onun Ermənistan baş naziri Nikol Paşinyana olan simpatiyası azərbaycanlıları hiddətləndirib. Sevinc Osmanqızının Azərbaycan əleyhinə bu qədər təbliğat aparması səbəbindən onun Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb edənlər var.
Bəs belə bir addım mümkündürmü? Sevinc Osmanqızının Azərbaycan vətəndaşlığı hansı halda əlindən alına bilər?
Bu barədə Modern.az-a danışan deputat Cavid Osmanov Azərbaycana xəyanət edən Sevinc Osmanqızı və digər şəxslərin vətəninin olmadığını qeyd edib:
"Sevinc Osmanqızının ətrafında yığışanlar və onun internet kanalında çıxış edənlərin əksəriyyəti hər zaman Azərbaycana qarşı fəaliyyət göstəriblər. Onların birbaşa erməni tezisləri üzərində qurduğu Azərbaycana qarşı yalançı ittihamlar, şantaj və böhtan xarakterli fikirləri həmişə diqqət çəkib. Son dəfə səsləndirdiyi fikirlər də erməni lobbisinə öz sədaqətini nümayiş etdirmək niyyəti daşıyırdı.
Sevinc Osmanqızı və onun kimi digərləri Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsindən sonra dünyada ölkəmizin durmadan artan nüfuzundan, hörmətindən qıcıqlanır, dövlətimizə qarşı məkrli kampaniya aparmaqda davam edirlər. Onun televiziyasında çıxış edənlərin böyük əksəriyyəti erməni lobbisi tərəfindən dəstəklənən şəxslərdir. Bu kimi insanların fəaliyyəti Azərbaycan xalqı tərəfindən həmişə pislənib. Sevinc Osmanqızının hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq, bir məsələni yaddan çıxartmamalıyıq: xəyanətkarın, satqının vətəni olmur. Erməni lobbisinin dəstəyi ilə Azərbaycan xalqına qarşı xəyanətkarlıq missiyasını yerinə yetirən Sevinc Osmanqızı və digərlərinin də vətəni yoxdur".

Deputat Naqif Həmzəyev isə Sevinc Osmanqızı kimi xaricdə yaşayıb, Azərbaycan əleyhinə təbliğat aparan şəxslərin erməni lobbisi tərəfindən maliyyələşdirildiyinə diqqət çəkib. Deputat bu insanların Azərbaycan vətəndaşlığına layiq olmadığını düşünür:
"Sevinc Osmanqızı və onun kimi düşünən insanların mövqelərini dəfələrlə görüb, eşitmişik. Onlar kimlərdən maliyyələşdiyi, kimlərə xidmət etdiyi barəsində dəfələrlə jurnalist araşdırmaları olub. Məncə burada təəccüblü heç nə yoxdur. Onlar bu yolu seçiblər. Azərbaycan dilində danışsalar, özlərini Azərbaycan təəssübkeşliyi göstərməyə çalışsalar da ermənilərə xidmət edirlər. Sevinc Osmanqızının Nikol Paşinyana olan simpatiyası da bundan irəli gəlir. Düşünürəm ki, Sevinc Osmanqızı kimi şəxslərin bu cür fikirlərini biz ciddiyə aldıqca, onlar fərəhlənirlər, öz ağaları qarşısında hesabatlar verərək, daha çox maliyyə əldə edirlər. Təəccüblənməməli və ciddi qəbul etməməliyik. Mən hətta düşünürəm ki, Sevinc Osmanqızı yaxın dövrdə Ermənistan vətəndaşlığını qəbul edib, Ermənistanda yaşayacaq. Çünki bu cür insanların oturub-durduqları, maliyyə aldıqları havadarları bu və ya digər şəkildə Ermənistana bağlı şəxslərdir. Azərbaycan dilində danışan, özünü azərbaycanlı kimi təqdim edən şəxslərin Azərbaycana bu münasibəti bizi məyus edir".