Dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür.
İstər sovet dönəmi, istərsə də müstəqillik illərində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən yüksək inkişaf ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik siyasəti ilə gerçəkləşib. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən ağır və mürəkkəb sınaqlarına mətinliklə sinə gərərək, bugünkü müstəqil Azərbaycanı qurub, respublikamızın gələcək tərəqqisi üçün möhkəm təməl yaradıb. Dahi şəxsiyyət zəngin mədəniyyəti, şərəfli tarixi keçmişi ilə həmişə qürur duyduğu, fərəh hissi keçirdiyi doğma Azərbaycanı bir dövlət kimi dövrün ən sərt sınaqlarından uğurla çıxararaq, xalqımıza əmanət edib.

Ümummilli liderin fəaliyyəti haqqında danışan Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib ki, Heydər Əliyevin vəfatından bizi müəyyən zaman məsafəsi ayırsa da, o ağır gündən sürətlə uzaqlaşdırsa da, dahi rəhbərin ideyalarının ölməzliyini, əbədiliyini bu gün də hər an görür, hiss edirik. Çünki Azərbaycanın indiki inkişafı, tərəqqisi, ölkəmizin ərazi bütövlüyünün bərpası məhz ulu öndərin təməl prinsiplərinə Prezident İlham Əliyev tərəfindən dönmədən əməl olunması ilə reallaşıb. Bu, birmənalı olaraq belədir:
“Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində geridə qalan, tənəzzül yaşayan respublikamızı böhran vəziyyətindən çıxarıb, sənayeni dirçəldib, kənd təsərrüfatına dinamizm gətirib və mədəni quruculuğu əsaslı surətdə yaxşılaşdırıb. Xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində gördüyü misilsiz işlərlə isə milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə böyük təsir göstərib. Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olub.
Həmin illərdə dahi rəhbər respublikanın ali və orta ixtisas təhsili şəbəkəsini genişləndirib, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsini diqqət mərkəzində saxlayıb. Ulu Öndər təkcə bu xidməti ilə sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə öz töhfələrini verəcək yüksək ixtisaslı kadr bazası formalaşdırıb.
Eyni zamanda, gənclərimizin hərb sənətinin sirlərinə yiyələnmələrinə əlverişli şərait yaradıb, bu sahədə kadrların yetişdirilməsinə, hərbi təhsilin inkişafına mühüm önəm verib.
Bütün bunlarla bərabər, respublikada dövlət və əmək intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və korrupsiyaya qarşı ciddi mübarizə məsələlərində prinsipial xəttə sadiqliyini təsdiqləyib. Həmçinin, həyata keçirdiyi tədbirlərlə xalqın rifahının yaxşılaşmasını təmin edib, səhiyyə xidmətlərinin səviyyəsini yüksəldib, mövcud səhiyyə ocaqlarının abadlaşdırılmasına, yeni tibb müəssisələrinin tikilməsinə xüsusi önəm verib, bu sahənin yüksək səviyyəli kadr potensialı ilə təminatını reallaşdırıb”.
Azərbaycan xalqının ulu öndərin xatirəsini böyük ehtiramla andığını vurğulayan deputat Fatma Yıldırım isə bu böyük şəxsiyyətin bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen olduğunu diqqətə çatdırıb:
“Ümummilli lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması isə milli hərbi kadrların yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Biz Ulu Öndərimizin bu uzaqgörən addımının Qarabağ müharibəsi zamanı nə qədər böyük önəm daşıdığının şahidi olduq”.

Fatma Yıldırım 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən prosesləri xatırlayaraq, bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı:
“Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqda xilas etdi. Ona görə də, biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmzin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi”.
Deputat onu da qeyd edib ki, bu gün müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir:
“Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir. Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib dövlətimiz hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq. Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır”.
Ulu öndərin təhsil sahəsinin dirçəldilməsi istiqamətində xidmətlərindən danışan deputat Ceyhun Məmmədovun fikrincə, Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu:

“Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.
1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular”.
Ceyhun Məmmədovun sözlərinə görə, bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır”.
Aysel Aslan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.