Sürrealist rəssam Salvador Dalinin və məşhur ixtiraçı Tomas Edisonun istifadə etdiyi yuxu texnikasının yaradıcılığın inkişafında təsirli olduğu aşkar edilib.
Modern.az xəbər verir ki, sözügedən texnika insanın yuxu mərhələsinin başlanğıcında oyanmasına səbəb olur.
Bu texnikanı tətbiq etmək üçün Dalí və Edison yatmaq üçün çarpayıda uzanarkən əllərində qaşıq və ya top kimi əşyalar tuturdular. Onlar yuxuya getdikdə cisim yerə düşə və səs çıxararaq onları oyadır. Hər iki məşhur şəxs bir neçə dəqiqə huşsuzluqdan sonra ayağa qalxıb işə başlayırdı.
Hipnaqogiya və ya N1 adlanan bu mərhələ insan dərin yuxuya getməzdən əvvəl cəmi bir neçə dəqiqə davam edir.
“Science Advances” elmi jurnalında dərc edilən yeni araşdırmada bu bir neçə dəqiqənin yaradıcılığı artırmaq üçün “ideal” olduğu qeyd olunur. Paris Beyin İnstitutundan yuxu mütəxəssisi və tədqiqatın həmmüəllifi Delfin Oudiett N1 mərhələsinin gecə yuxusunun təxminən 5 faizinə uyğun olduğunu bildirib. O qeyd edib ki, elmi ədəbiyyatda bu mərhələ ilə bağlı çox az araşdırma var.
“Livescience”ə danışan tədqiqatçının sözlərinə görə, bu mərhələdə fərdlərin bağlı gözləri qarşısında rənglər və hətta kiçik yuxular görünə bilər. Bu nümunələr insandan insana fərqli ola bilər.
Texnikanı istifadə edən dahilərdən ilham alan Oudiet və komandası 103 iştirakçı ilə təcrübə apararaq metodun adi insanlar üçün işlədiyini yoxlayıb.
Əvvəlcə iştirakçılara ardıcıllıqla sonuncu rəqəmi təxmin etməli olduqları bir neçə riyaziyyat məsələsi təqdim edilib. Məsələləri həll etmək üçün iştirakçılara iki qayda izah edilib. Ancaq həlli sürətləndirəcək başqa bir gizli qayda var idi. Müəyyən addımlar ardıcıllıqla təkrarlanır və iştirakçılar bunu özləri tapmalı idilər. Bu qaydanın həyata keçirilməsi məsələnin həlli vaxtını əhəmiyyətli dərəcədə azaldıb.
Bundan sonra iştirakçılar iki qrupa bölünüb. Bir qrupdan 20 dəqiqəlik fasilə vermək və qaranlıq otaqda yatmaq istənilib. Qrup əllərində eynəklə çarpayıya uzanıb, bu eynəklər əllərindən düşməli və səs salaraq onları oyatmalı idi.
Bu arada tədqiqatçılar elektrodlar vasitəsilə iştirakçıların yuxu mərhələsini müşahidə ediblər. İkinci qrupdan oyaq qalmaları tələb olunub.
Yuxuya gedən qrup, oyaq olanlarla müqayisədə daha çox riyaziyyat problemi həll edə bilib. Bu, onların problem həll etmə qabiliyyətlərini əhəmiyyətli dərəcədə sürətlənirib. N1 mərhələdə ən az 15 saniyə sərf edən iştirakçıların gizli qaydanı tapmaq şansının 83 faiz olduğu müəyyən edilib. Oyananlarda bu nisbət 30% olub.
Bundan əlavə, müəyyən edilib ki, iştirakçılar yuxunun növbəti mərhələsi olan N2-yə keçdikdə texnikanın təsiri itib. Beləliklə, müəlliflər dərin yuxuya getməzdən əvvəl oyanmağın “yaradıcılıq nöqtəsi” olduğunu təsdiqlədyiblər.
Akif İsmayılov