Dünyada pandemiyadan və digər səbəblərdən qaynaqlanan iqtisadi və maliyyə böhranı hələ də başa çatmayıb, amma buna baxmayaraq, Azərbaycan öz imkanları hesabına təkcə işğaldan azad etdiyimiz ərazilərimizdə deyil, bütün ölkə böyü nəhəng layihələr həyata keçirir və istifadəyə verir. Bu isə, şübhəsiz ki, dövlətimizin iqtisadi gücünün, maliyyə müstəqilliyinin göstəricisi kimi qiymətləndirilməlidir.
Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsini şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili son illərdə, o cümlədən 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra, ölkə həyatının ən müxtəlif sahələrində yeniliklərin baş verdiyini, Azərbaycan üçün hətta ənənəvi olmayan istiqamətlərdə də ixrac potensialımızı nümayiş etdirən layihələrin icra olunduğunu diqqətə çatdırıb:
“Bu gün cənab Prezidentin iştirakı ilə açılışının baş tutduğu “Qobu” Enerji Qovşağı da belə belə layihələrdəndir. Vaxtilə elektrik enerjisi ilə bağlı çoxsaylı problemlər yaşayan Azərbaycan, dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunub ki, bu da rekord göstəricidir”.
Azər Kərimli bildirib ki, Azərbaycanın ciddi təbii enerji resurslarının olduğuna və ölkəmizin hələ bundan sonra özünü, tərəfdaşlarını təbii qazla təmin etmək potensialına baxmayaraq, bərpaolunan enerji növlərinə böyük diqqət ayrılması ölkənin və bölgənin gələcəyinə strateji baxış bucağından yanaşıldığını nümayiş etdirir:
“Bu, ilk növbədə ekologiyanın, vətəndaşlarımızın sağlamlığının qorunmasına verilən yüksək dəyərdən xəbər verir. Çünki bərpaolunan enerji ən təmiz enerji növüdür. Hazırda dünyanın bir çox ölkələri elektrik hasilatında mazut və kömürdən istifadə etdikləri halda, Azərbaycan yalnız təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edir. Bu isə ətraf mühitinin qorunmasının, ölkəmiz üçün sözdə deyil, əməldə prioritet olduğunu göstərir. Məhz bu amil, eləcə də ölkəmizdəki əlverişli investisiya mühiti dünyanın bir sıra böyük şirkətlərini Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə yatırmağa sövq edir”.
Parlamentarinin qənaətinə görə, Zəngəzur dəhlizi üzərindən Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişinin planlaşdırılması, dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsində də mühüm rol oynayacağından xəbər verir:
“Bu, Prezident İlham Əliyevin ölkəmizin regionun geoiqtisadi habına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir və bütövlükdə Azərbaycanın daha qlobal miqyasda önəmini artırır. Çünki bu prosesin davamı ölkəmizdə hasil olunan elektrik enerjisinin Türkiyə vasitəsilə Avropaya çıxarılmasıdır. Və belə olduğu təqdirdə, Azərbaycan enerjinin bütün komponentləri üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bu, eyni zamanda Azərbaycana əlavə valyutanın gəlməsi və xalqımızın daha firavan yaşaması deməkdir”.