Modern.az

Moskvanı Qərblə üz-üzə qoyan SƏNƏD - Minsk razılaşmasının TARİXÇƏSİ

Moskvanı Qərblə üz-üzə qoyan SƏNƏD - Minsk razılaşmasının TARİXÇƏSİ

Aktual

23 Fevral 2022, 13:15

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki iki separatçı bölgənin müstəqilliyini tanımasından sonra Minsk razılaşmalarının icrası gündəmə gəlib. Putinin qərarına cavab olaraq, Qərb Rusiyanı Minsk razılaşmalarını pozmaqda ittiham edir. Rusiya lideri dünyanın siyasi arenasında səs-küy yaradan açıqlamasından bir gün sonra Minsk razılaşmasının artıq mövcud olmadığını bəyan edib.

Rusiyanı Qərblə üz-üzə qoyan Minsk razılaşması nədir, nəyi əhatə edir və tərəflər kimlərdir?

Modern.az xəbər verir ki, Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna ordusu arasındakı toqquşmaya son qoymaq üçün Rusiya, Ukrayna, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və iki separatçı bölgənin nümayəndələri 2014-cü ilin sentyabrında Belarusun paytaxtı Minsk şəhərində görüşüblər. Görüşdən sonra Kiyev və separatçı qüvvələr ağır silahların ləğv edilməsi və əsir mübadiləsi də daxil olmaqla 12 bənddən ibarət Minsk razılaşmasını imzalayıb.

12 maddədən ibarət Minsk protokoluna atəşin dərhal dayandırılması və atəşkəsin elan edilməsi, Ukraynadakı silahlı qrupların hərbi texnikanı, döyüşçüləri və muzdluları geri çəkməsi, ATƏT tərəfindən atəşkəs rejiminə monitorinq və nəzarətin qurulması, Donetsk və Luqanskda separatçıların nəzarətində olan ərazilərə inzibati səlahiyyətlər verilməsi, Ukrayna-Rusiya sərhədinin ATƏT tərəfindən müşahidə edilməsi və sərhəddə bufer təhlükəsizlik zonalarının yaradılması, “İnklüziv milli dialoq”un davam etdirilməsi, Donetsk və Luqanskda növbədənkənar yerli seçkilərin keçirilməsi daxildir.

Lakin razılaşmaya riayət edilmədi və tərəflər bir-birini razılaşmanı pozmaqdan ittiham etdilər. Beş ay sonra, 2015-ci ilin fevralında Ukrayna və Rusiyayönlü separatçılar arasında toqquşmanın şiddətlənməsindən sonra Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Petro Poroşenko, Fransa Prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Belarus lideri Aleksandr Lukaşenkonun iştirakı ilə yeni konfrans keçirilib. Görüşdən əvvəl Kiyev hökuməti vurğulamışdı ki, istənilən razılaşma Minsk protokolunda göstərilmiş sərhədlərə əsaslanmalı, münaqişə zonasında atəşkəs elan edilməli və ağır silahlar geri çəkilməlidir.

 

 

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərinə “federal” status verilməsinə qarşı çıxıb, lakin onlara daha çox muxtariyyət verə biləcəyini və Rusiya əhalisinin ana dil tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib. Ukrayna tərəfi, həmçinin Rusiya ordusu və hərbi texnikasının ölkəyə daxil olmasının qarşısının alınmasını tələb edib. Separatçılar görüş öncəsi 2014-cü ilin Minsk protokolu ilə qeydə alınan sərhəd xətlərinin artıq etibarlı olmadığını və irəlilədikləri ərazilərdən geri çəkilməyəcəklərini bildiriblər.

Separatçı qurumlar, həmçinin bildiriblər ki, onlar Ukrayna daxilində xüsusi status və ya muxtariyyət şəklində həllin yox, müstəqil olmanın tərəfdarıdırlar. Bu ab-havada gedən və 16 saat davam edən danışıqlardan sonra İkinci Minsk razılaşması olaraq bilinən 13 bənddən ibarət yeni atəşkəs protokolu imzalanıb. Vurğulanıb ki, separatçılar Minsk danışıqlarında razılaşdırılmış sərhədlərə çəkilməyə razılaşıblar, bunun müqabilində Ukrayna qoşunları cəbhədən çəkiləcək.

Razılaşmanın şərtlərinə əsasən, ağır silahların çıxarılması, bütün məhbusların azad edilməsi və ya dəyişdirilməsi, Ukraynanın ilin sonuna qədər beynəlxalq sərhədlərə nəzarəti saxlaması razılaşdırılıb. Lakin atəşkəs əldə oluna bilməyib.

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı