Bazar ertəsi “Forex”də dollar və avronun rubla qarşı məzənnəsi tarixi maksimuma çatıb. Hazırda cümə günü ticarətin bağlandığı andakı göstərici ilə müqayisədə, təxminən 20% baha ticarət edilir.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Saat 13:23-ə olan məlumata görə, “Forex”də avronun rubla nisbətdə məzənnəsi cümə günü ilə müqayisədə təxminən 20,4% artaraq bir avro üçün 143,37 rubl təşkil edib. Dolların məzənnəsi 27% - bir dollar üçün 133 rubla qədər artıb. Daha əvvəl ticarətin gedişində avronun məzənnəsi 145,869 rubl göstərici ilə maksimuma çatmış, dollar isə 140,2547 rubla qədər artmışdı.
Rusiya Bankının qərarına əsasən, bu gün Moskva birjasında valyuta ticarəti keçirilmir.