Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmaq və DNT nümunələrini tibb müəssisələrinə təqdim etmək tövsiyə olunur.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan müraciətdə bildirilib.
“Hazırda Ukraynada deyilsinizsə, lakin Ukraynaya getməmək tövsiyəsinə məhəl qoymursunuzsa, səyahət etməzdən əvvəl aşağıdakı addımları atmağı düşünməlisiniz... Vəsiyyətnamə hazırlayın, DNT nümunələrini tibb müəssisələrinə təqdim edin”, - tövsiyələrdə deyilir.
Ukraynaya səfər edən ABŞ vətəndaşları həmçinin uşaq himayəsi, ev heyvanlarına qulluq, mülkə sahiblik, dəfn mərasimləri ilə bağlı məsələlərin həllinə dəvət olunur.
Bundan başqa, yaxınlarla vacib sənədlər və əlaqə məlumatlarını bölüşmək məsləhət görülür. Bildirilib ki, bu, səfər edənlərin ABŞ-a qayıda bilməyəcəyi halda işlərinin idarə olunması üçün lazımdır.