1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan Yeni Azərbaycan Partiyası daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.
Dövlətimizin başçısı cənab İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ölkəmiz bütün sahələr üzrə misilsiz nailiyyətlər qazanıb. Məhz Prezidentimizin siyasətinin nəticəsidir ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi göstəricilər dəfələrlə artıb, eləcə də beynəlxalq müstəvidə mövqeyimiz daha da güclənib. Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib.
Bir il əvvəl, 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilib. Həmçinin qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Partiyanın yeni proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Ən önəmli məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi idi. Təbii ki, bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu.
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər.
Prezident cənab İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında gənclər yenə də prosesin mərkəzindədirlər. Qurultayda bu istiqamətdə də vacib qərarlar qəbul olundu, Belə ki, YAP-ın yeni formalaşan İdarə Heyətində kifayət qədər gənc təmsil olundu. Partiyanın üzvlərinin say tərkibinə diqqət yetirsək, 40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Cənab İlham Əliyev bildirir: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”. Azərbaycan gəncliyi YAP-ın sıralarında uğurla təmsil olunur, partiyamız isə gənclərə xüsusi diqqət və qayğı göstərir, onların ictimai-siyasi həyatda fəal iştirakına geniş şərait və əlverişli imkanlar yaradır.
Xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı, ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu gün YAP-a rəqib olacaq hər hansı partiya mövcud deyil. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Anar Əliyev, YAP üzvü