Modern.az

“Çırağ”ın tüstüsü, Əkrəm Əylislinin işığı

“Çırağ”ın tüstüsü, Əkrəm Əylislinin işığı

Aktual

4 Fevral 2013, 13:20

Etibar Cəbrayıloğlu

“Sakitlik idi, yaman sakitlik idi”. Hər şey Əkrəm Əylislinin 40 il öncə “Ağaclar və adamlar”da yazdığı bu cümlədəki vəziyyətə çox oxşayırdı. Amma günlərin birində ...

Günlərin birində paytaxtdan 185 kilometr aralıda yerləşən İsmayıllı rayonundakı “Çıraq” adlı oteli yandırdılar. Haqsızlığa etiraz olaraq yandırılan “Çıraq” kütləvi aksiyaya, qarşıdurmaya yol açdı. Həbs olunanlar da oldu. qaçan da, qovan da. Tutulanlar tutanları, tutanlar tutulanları iddiam etdi.

“Çırağ”ın tüstüsü çəkilən kimi Əkrəm Əylisliyə hücumlar başladı. Böyük yazıçının xırda şəkillərini yandırdılar. Onun əsərlərindən milyonlarla oxucuya çata bilən işığı yumurta atəşinə tutdular.

Bəlkə də ömrümdə birinci dəfə Bakıda kitab mağazalarının belə az olmasına sevindim. Dünyanın bütün mədəni şəhərlərində olduğu kimi, paytaxtımızda da kitab mağazaları çox olsaydı indi yəqin küçədə Əkrəm Əylislinin yandırılmış kitablarından tonqallar qalanmışdı. Təsəvvür edirsiz...

Təsəvvür edirsiz, doğulan gün anası vəfat edən, böyüyəndə bir gün Bakıya oxumağa gedəcəyini, alim olacağını, bibisi Mədinəni də yanına aparacağına söz verən Sadıq bu soyuq qış havasında qurulan tonqalda necə yanır...

Sadıq savadlı olsun deyə hər əziyyətlərə qatlaşan Mədinə, çörək dükanında işləyən Mərcan, Mərcana gələn elçilərin qarşısını “voyenkomun” atı ilə kəsən Qubad, bu hərəkətinə görə Qubadı təpikləyən qəssab Əli, meyvə qurusunu rayon mərkəzinə aparan Müküş, müharibədən sağ-salamat qayıdandan sonra yeyintiyə görə tutulan Yaqub, pinəçi Səlim, Süsən xalanın əri, Haşımın atası Əlimurad. Əlimuradı vəzifədən çıxarmaq üçün rayon mərkəzindən göndərilən o zəhmli adam- “Torpaq şöbəsinin” müdiri Vəliyev yoldaş, “Bir vilayətin ki, xırmanından oğurluq oldu, o vilayətdə min il də qalsa xeyir-bərəkət olmaz”-deyən Mürid dayı, rayondan gələn məktəb müdiri Zinyət Şəkərək qızı, qışın soyuğunda da çayın o tayından bu tayına məktəbə ayaqyalın gələn Salatın, qatarla Bakıya qadınlar müşavirəsinə gedən Surət bacı, “Qorsovet Cəlilovun” qardaşı Xəzər... tonqalın içində necə can verir.

Əkrəm Əylislinin tonqalın içinə atılan kitablarındakı “Tahir müəllimin yetimlərini”- Əlabbası, Qiyası, nənəsi haqqında poema yazan Məzahiri, İsmayılı, alman qızı Vilmanı, Buzbulaqlı Qələndəri, onun ən məşhur həmkəndlisi Səlim Sahibi, Xəlil müəllimi, prorektor Faiq Məlikovu... görürəm. Tutu xanım, professor Əbdüləli Cəmşidov, yazıq Qəmər xala, onun didərgin düşən oğlu Rəfi, Molla Teyyub, Fizzə müəllimə, içdiyinə görə tez-tez tutulan Qənbər... tonqalın içindən boylanır. Nə yaxşı ki, ən gur yerinə kitablar atılan tonqaldan tüstü çıxmır, işıq çıxır, işıq. Əkrəm Əylislinin işığı.

Əkrəm Əylisli görkəmli yazıçı kimi çox mükafatlar alıb, təltiflər qazanıb. Əsərləri ən yüksək tirajla çap edilib. Əkrəm Əylisli görkəmli yazıçı kimi çox təzyiqlər görüb, yerli-yersiz çox hücumlara məruz qalıb. Ən gur səslə kitablarını yandırmaq istəyiblər. Parlamentin ötən həftə keçirilən iclasında da ən çox söyülən elə Əkrəm Əylisli oldu.

Yaxın keçmişimizdə belə şeyləri çox görmüşük. Bu haqlı-haqsız hay-küylər, çağırışlar çəkilib gedəcək. Yenə Sadıq qalacaq, Mədinə, Mərcan, Yaqub, Qubad, Əlimurad, Mürid dayı, qəssab Əli, pinəçi Səlim, Zinyət Şəkərək qızı, ayaqyalın Salatın, Əlabbas, Qiyas, Məzahir, Qələndər, İsmayıl, alman qızı Vilma, məşhur Buzbulaqlı yazıçı Səlim Sahib, Fizzə müəllimə... qalacaq.

Əkrəm Əylisliyə qarşı başlanan bu hay-küyü, kampaniyanı müşahidə etdikcə böyük yazıçımız Yusif Səmədoğlunun məşhur əsərini xatırlayıram. “Qətl günü” romanı yadınızdamı? Şair şairin başını tələb edir. Bu gün Əkrəm Əylisli linc olunur. Yazıçının başını tələb edənlərin sırasında bəzi qələm adamlarının səsi təəssüf ki, lap bərk gəlir.

Ən təhlükəlisi də bəlkə elə budu. Əkrəm Əylislinin başını qorumağı bacaraq. Bunu bacarmasaq, çoxlarının başı gedə bilər...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı