“Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla mühüm görüşü baş tutdu. Təbii ki, bu görüşə insanların xüsusi marağı vardı. Hətta, onu söyləyə bilərəm ki, görüşün 5 saat davam etməsinə baxmayaraq, nəticələr ürəkaçan və müsbətdir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov aprelin 6-da Brüsseldə keçirilən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Brüssel görüşündə əldə olunan razılaşmaları Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması baxımından yeni mərhələnin başlanğıcı hesab etmək olar:
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən dərhal sonra mətbuata verdiyi açıqlamaya diqqət etdikdə kifayət qədər müsbət məqamları görmək olar. Aİ Şurası Prezidentinin bəyanatında diqqət çəkən önəmli məqamlardan biri, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, eləcə də 44 günlük müharibənin nəticələrinin istisnasız olaraq qəbul edilməsidir. Sənəddə “münaqişə”, “Dağlıq Qarabağ” kimi ifadələrin yer almaması da bunu sübuta yetirir. Başqa bir əhəmiyyətli məqam isə ATƏT-in Minsk Qrupu ilə bağlı, bir qayda olaraq, Ermənistan tərəfindən irəli sürülən iddiaların sülh müqaviləsi müzakirələrinin gündəliyindən çıxarılması və bunun davamlı hal almasıdır. Ötən ilin dekabr ayında keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanatda da sözügedən məsələlərin yer almaması, dövlətlərin ərazi bütövlüyünü şübhə altına ala biləcək bütün məqamların Ermənistan-Azərbaycan münasibətlərinin perspektiv gündəliyindən çıxarılması anlamına gəlir”.
Məşhur Məmmədovun sözlərinə görə, Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasının növbəti uğurudur:
“Biz bu cür uğurlara ancaq sevinə bilərik. Çünki bu uğurlar hamımızın uğurudur. Dünya Azərbaycanın əldə etdiyi uğurları daha yaxından görə bilir. Hazırkı beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir. Yeni reallığı beynəlxalq münasibətlərdə önə çəkmək olduqca çətindir. Amma görülən işlər və əldə edilən uğurlar onu deməyə əsas verir ki, bütün bunlar dövlət başçımızın xalqımız qarşısında növbəti danılmaz xidmətidir. Bu baxımdan çətin, taleyüklü zamanda Prezident İlham Əliyev kimi ölkəsinə şərəflə xidmət edən bir Prezidenti olduğu üçün biz xoşbəxt xalqıq. Brüssel görüşü bu xidmətin davamı idi”.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı