Ukraynanın Çerniqov şəhərində Rusiya ordusunun bombardmanları nəticəsində 700-ə yaxın insan həlak olub.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə onlayn brifinq zamanı Çerniqov meri Vladislav Atroşenko bildirib.
"Mən ölənlərlə bağlı təxmini rəqəm deyə bilərəm - bu, 700 nəfərdir. Bura hərbçi və mülki şəxslər daxildir. Bundan əlavə, 70 naməlum cəsəd var ki, biz bu şəxslərin kim olduğunu müəyyən edə bilmirik", - mer deyib.
"Bundan başqa, ən pisi odur ki, təxminən 40 nəfər itkin düşən var" deyən Vladislav Atroşenko bildirib ki, bəzi insanlar mərmi partlaşıyları nəticəsində yanaraq kül olublar və cəsədləri artıq yoxdur.
Onun sözlərinə görə, hazırda Çerniqovda 80 mindən 95 minədək vətəndaş yaşayır. Müharibə başlamazdan əvvəl Çerniqovda 285-290 min nəfər var idi.