Modern.az

Azərbaycanın “Beyin mərkəzi”nin eksperti Ermənistan iqtisadiyyatını saf-çürük edib - TƏHLİL

Azərbaycanın “Beyin mərkəzi”nin eksperti Ermənistan iqtisadiyyatını saf-çürük edib - TƏHLİL

Aktual

7 Fevral 2013, 12:06

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyevin “Ermənistan iqtisadiyyatının təhlili” mövzusunda hazırladığı hesabatını təqdim edib. Hesabatda aşağıdakı məsələlər yer alıb?

REAL SEKTOR

Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranın nəticələri kifayət qədər təsirli olub. Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 14.1%, nominal ifadədə 3 mlrd.ABŞ dolları həcmində azalıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın ÜDM-ə faiz nisbəti 2008-ci ildəki 40.8%-dən, 2009-cu ildə 34.7%-ə qədər düşüb və sonrakı illərdə azalma davamlı xarakter daşıyıb, dramın devalvasiyası (dəyərdən düşməsi) baş verib. 2010-cu ildə ÜDM-in artım tempi 2.2, 2011-ci ildə 4.7%, 2012-ci ildə 7.2% təşkil edib. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa edib.

Böhranın təsiri nəticəsində iqtisadiyyatın bir çox sahələrində geriləmə müşahidə edilib. Tikintidə 2008-ci ildən başlanan azalma hazırkı illərdə də davam edir. 2009-cu ildə tikinti üzrə azalma 42.3% təşkil etmiş, 2011-ci ildə azalma tempi real ifadədə 11.5%-ə bərabər olub, 2012-ci ildə isə cəmi 0.2%-lik artım olub. Həmçinin, xaricdən pul köçürmələri azalmış, vəsait çatışmazlığı (likvidlik) səbəbindən Ermənistan hökuməti ciddi şəkildə (xüsusilədə, xarici) borclanmaya gedib.

Beynəlxalq Valyuta Fondunun (BVF) 2012-ci ilin noyabr ayında dərc edilən “Qafqaz və Mərkəzi Asiya” hesabatında haqqında danışılan bölgələr üzrə ən böyük qeyri-rəsmi iqtisadiyyatın səviyyəsi Ermənistanda göstərilib. Bu rəqəm ÜDM-in 35% nisbətində ölçülür.

“Erməni diasporasının yönəltdiyi vəsaitlər ölkə iqtisadiyyatının ÜDM-nin 70%-ni formalaşdırır” – baş nazir Tiqran Sarkisyan. Əgər 10 milyard ABŞ dolları həcmində olan Ermənistanın ÜDM-dən 70% və ya 7 milyard ABŞ dollarını çıxsaq yerdə cəmi 3 milyard ABŞ dolları qalacaq. Deməli Ermənistanın real ÜDM-nin həcmi cəmi 3 mlrd.ABŞ dolları təşkil edir.

FİSKAL (BÜDCƏ) SEKTOR

Dövlət büdcəsi Ermənistan iqtisadiyyatında real sektorun daha zəif inkişaf etdiyini göstərən ən böyük maliyyə güzgüsüdür. Bu ilk növbədə, onunla bağlıdır ki, vergi daxilolmalarının strukturunda ticarətin payı yüksəkdir. Bir qayda olaraq büdcə sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə sektorundan daxilolmalar hesabına formalaşır. Belə olduğu təqdirdə dövlət büdcəsinin 70%-dən artıq hissəsini təşkil edən vergi daxilolmalarının böyük bir qismi ticarət sektorunun hesabına formalaşması Ermənistan iqtisadiyyatın real sektorunun zəif olmasından həmçinin, vergi yükünün kiçik və orta sahibkarlığın üzərinə düşməsindən xəbər verir.

2013-cü ilin büdcəsində əmək haqları və pensiya üzrə artım nəzərdə tutulmayıb.  Cari ilin yanvarın 1-dən yeni vahid gəlir vergisi qüvvəyə minir. Bu “yeni islahata” görə aylıq gəliri təqribən 300 ABŞ dollarına yaxın vətəndaşlar 24.4%, bu nisbətdən yuxarı olanlar isə 26% dərəcə ilə vergi ödəməli olacaqlar. Maraqlı məqam ondan ibarətdir ki, bu vergi özündə həm gəlir vergisini, həm də sosial sığorta ayırmalarını birləşdirir.

Nəzərə alsaq ki, Ermənistanda büdcə sektorunda çalışanların sayı 185 min nəfərdən çoxdur (bundan başqa, daha 8 min nəfər dövlət qulluqçusu olaraq çalışır).  Bunların 80%-ə yaxın hissəsi təhsil və səhiyyə sahəsində çalışan 240 ABŞ dollarından aşağı əmək haqqı alan vətəndaşlardır o halda, bu kateqoriyadan olan şəxslərin vergi yükünün əhəmiyyətli şəkildə artacağı aydınlaşır.

Seçki ilində a) əmək haqqı və pensiya üzrə artımların nəzərdə tutulmaması, əksinə b) vergi yükünün artırılması və c) kommunal tariflərin son 3 ildə əhəmiyyətli artımı yoxsulluq, işsizlik, miqrasiya və sürətli qocalma problemləri ilə üz-üzə olan ölkənin vəziyyətini daha da ağırlaşdırır.

Xərclərin strukturunda daha çox paya malik olan maddələr sosial istiqamətlər olsada sosial vəziyyətin təhlili mənzərinin acınacaqlı olmasından xəbər verir. Sosial xərclərdən sonra daha çox (47%) paya malik olan xərc maddəsi müdafiə xərclərdir ki, bu xərc istiqamətinin payı 16-17% təşkil edir. Bu göstərici Ermənistanda militarizasiyanın güclü olduğunu göstərir.

Büdcə kəsirinin həcmi ilə bağlı qanunvericilikdə təsbit edilmiş məqam xüsusilə diqqəti cəlb edir. “Büdcə sistemi haqqında” Qanunun büdcə kəsiri ilə bağlı bölməsində kəsirin həcminin ÜDM-in 10% nisbətində olmasını məqbul hesab edildiyi göstərilir. Beynəlxalq təcrübədə bu rəqəm 3%-dən artıq olduğu təqdirdə təhlükəli olması faktı bizə məlumdur. Hətta son fiskal islahatlardan sonra Avropa ölkələrində bu rəqəmin 0.5%-1% arasında dəyişməsi təklifi irəli sürülüb. Ermənistan qanunvericiliyində isə makroiqtisadi tarazlığın pozulması üçün ciddi fəsadlara səbəb olacaq 10%-lik limit müəyyən edilib. Qanunvericilikdə təsbit edilən kəsirlə bağlı maddə hökumətin gələcəkdə də daha çox borclanması və büdcə kəsirini artırması üçün şərait yaradır.

Bu fonda xarici dövlət borcunun səviyyəsinin ÜDM-ə faiz nisbətidə 2008-ci illə müqayisədə 19 faiz bəndi artaraq 34.3% çatıb, 2012-ci ilin əvvəlinə bu rəqəm 35.2%, sonuna 37% təşkil edib. Ümumiyyətlə, ölkədə borclanmanın səviyyəsi yüksəkdir. Xüsusilə maliyyə və iqtisadi böhran bu göstəricinin daha da (1.9 dəfə) artmasını şərtləndiribr.

Məcmu borcun həcmi 2008-ci ildəki 29.5%-dən 2011-ci ilin sonuna 73%-ə çatıb. Əgər bu rəqəmin üzərinə 5.7% daxili dövlət borcunuda gəlsək məcmu borc 80%-ə yaxınlaşar. Ermənistanın Nəzarət (Hesablama) Palatasının dövlət büdcəsi ilə bağlı rəyində “əgər bu cür davam edərsə ölkədə borc böhranının baş verəcəyi” qeyd edilir. Əsas problem kimi borcun strukturu və ödənişlərin bir qisminin 2013-cü ildən həyata keçiriləcəyi göstərilir. Hökumət xüsusilədə Rusiya Federasiyasından aldığı borcu 2013-cü ildən ödəməyə başlayır.

Ermənistan borc böhranı ilə bağlı daha bir fakt 2003-2012-ci illərdə məcmu xarici borcun orta artım tempinin ÜDM-in nominal artım tempini üstələməsidir. Başqa sözlə desək, hökumət sürətlə borclanır ki, bu qarşıdakı illərdə borcun ÜDM-ə faiz nisbətinin daha da artmasını şərtləndirəcək.

Hər il ölkəni minlərlə insan tərk edir. Bu fonda əmək qabiliyyətli vətəndaşların sayı azalır. Ölkədə qalan yaşlı nəslin gələcəkdə büdcə vasitəsilə maliyyələşdirilməsi problemi ortaya çıxır. Yəni gələcəkdə Ermənistan büdcəsinin borc dayanıqsızlığı probleminin üzərinə pensiya sisteminin dayanıqsızlığı problemi də gələcək ki, bu da ikiqat fiskal (büdcə) dayanıqsızlığı problemi yaradacaq.

SOSİAL VƏZIYYƏT

Demoqrafik vəziyyət getdikcə ölkədə təbii artımın zəiflədiyini və bu göstəricinin aşağı düşdüyünü göstərir. 2012-ci ilin 11 ayında Ermənistanı 71 374 nəfər vətəndaş tərk edib. Son 3 ildə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5%-nə (160 min nəfər) bərabərdir.

Ölkə üzrə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə 35%-ə bərabərdir. Bu o deməkdir ki, ölkədə 1.2 milyon nəfər yoxsulluq həddindədir. BVF-nin qiymətləndirmələrinə görə xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxsaq yoxsulluq həddi 50%-dən çox olacaq.

Paytaxt Yerevanda 1 milyon 127 min nəfər rəsmi qeydiyyatdadır. Bu insanların 27.5% rəsmi statistikaya görə yoxsulluq həddində yaşayır.

Hətta 10 əyalətin 7-də yoxsulluq 30%-dən çoxdur. İki əyalətdə (Lori və Şirak) yoxsulluq səviyyəsi 45%-dən yüksəkdir. Məhz bu iki əyalətdə də həyat səviyyəsinin pis olması səbəbindən hər min nəfərə düşən insan ölümünün faizi digər rayonlarla müqayisədə çoxdur. Bu isə yoxsulluq probleminin Ermənistan cəmiyyəti üçün hansı fəsadlara səbəb olduğunu göstərir. 

İqtisadi fəal əhalinin 18-19%-i (o cümlədən, gənclərin 45%-nin) işsiz kimi qeydiyyatdadır. Bu o deməkdir ki, iqtisadi fəal əhalinin hər beş nəfərindən biri işsizdir (!).

Cəmiyyətdə sürətli qocalma gedir. Belə ki, qiymətləndirmələrə görə 2050-ci ilə Ermənistanda hər 3 vətəndaşdan birinin yaşı 60-dan, 6.6%-nin yaşı isə 80-dən yüksək olacaq.

“Ermənistana daxil olan böyük əksəriyyət vəsaitlər Rusiyadan pul köçürmələri formasında həyata keçirilir” – BVF-nin Ermənistanda daimi nümayəndəliyinin rəhbəri Qiermo Tolos.

Erməni diasporunun pul köçürmələri 2008-ci ildə 2.3 mlrd.ABŞ dollarından artıq olduğu təqdirdə 2009-cu ildə 1.5 mlrd.ABŞ dollarına düşüb. Ermənistan Mərkəzi Bankının verdiyi məlumatlara görə 2011-ci ildə bu rəqəm 2 mlrd.ABŞ dolları təşkil edib.

BEYNƏLXALQ REYTİNQLƏR

Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatı”nda Ermənistan 144 ölkə arasında 82-ci yerdədir. Deməli Ermənistan bir çox MDB ölkələrindən geridədir. Son 3 ilin hesabatında Ermənistanda sahibkarlıq qarşısında duran əsas problemlər kimi korrupsiya, qeyri-səmərəli dövlət bürokratiyası, maliyyələşməyə çıxış imkanları, vergi inzibatçılığı göstərilib. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkə rəqabətqabiliyyətlilik anlayışından çox uzaqdır.

Ayrı-ayrı komponentlər üzrə götürdükdə makroiqtisadi sabitlik üzrə Ermənistan son “Qlobal rəqabətlilik hesabatı”nda 144 ölkə arasında 83, o cümlədən, inflyasiya səviyyəsinə görə 105-ci, büdcə kəsirinin ÜDM-ə faiz nisbətinə görə 66-cı, dövlət borcunun həcminin ÜDM-ə faiz nisbətinə görə 57-ci yerdə qərarlaşmışdır. Ermənistan hər üç göstərici üzrə MDB ölkələri sırasında aşağı mövqedə yer alır.

“Moodys” reytinq agentliyi Ermənistanın kredit reytinqini stabildən neqativə dəyişib. Əsas səbəb kimi ölkə ixracının Rusiya Federasiyası iqtisadiyyatından asılı olması. Rusiyada qarşıdakı illərdə iqtisadi artım templərinin zəifləmisi göstərilib.

Nüfuzlu “Forbes” jurnalı 2011-ci ildə dünyanın 10 ən pis  ölkələri sırasında Ermənistanı 2-ci yerdə göstərib. Qiymətləndirmə aparılarkən ÜDM-in həcmi, adambaşına ÜDM, inflyasiya və cari əməliyyatlar balansının kəsiri əsas meyar kimi götürülüb.

Ermənistanda İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda ciddi islahatların və uğurların əldə edilməsindən danışılır. Lakin, Ermənistan İKT sahəsində mövcud olan nüfuzlu reytinqlərdə (“The Networked Readiness Index” и “E-government development index”) 94-cü yerdə qərarlaşıb.

Yuxarıda qeyd olunan bütün statistik nəticələr həmçinin, aparılan təhlillər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti kifayət qədər ciddi sosial problemlərlə üz-üzədir. Həmçinin, xarici borcun həcmi əhəmiyyətli şəkildə artır. Sadalanan problemlər qarşıdakı illərdə cəmiyyətin rifahının daha da pisləşməsinə həmçinin, ölkədə böhranın daha da dərinləşməsinə səbəb olacaq.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı