Ulu Öndər Heydər Əliyev 1996-cı ildə kəlbəcərli ziyalılarla görüşündə bir daha bunu xatırladaraq demişdir: “...Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eynizamandazəkalıolublar, elmə, biliyə, mədəniyyətə həmişə böyük maraq göstəriblər. Ona görədə Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eynizamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidirki, Kəlbəcər rayonundan çıxmış adamlar - kəlbəcərlilər Azərbaycanın həryerində, xüsusən, Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər...”
Ötən əsrin 80-ci illərindən başlayaraq Ermənistan silahlı birləşmələrinin ərazi iddiası ilə törətdikləri qətliamlar, terror aktları, dinc müsəlman əhalisinə qarşı hücumlar Qarabağda, eləcə də respublikamızın Ermənistanla digər sərhəd bölgələrində kütləvi qırğınlarla, kəndlərin, qəsəbələrin tamamilə yandırılması, ictimai və mülki binaların yerləyeksan edilməsi, ağlagəlməz faciə, soyqırımı və dədə-baba torpaqlarımızın işğalı ilə nəticələndi.
Belə faciələrdən biri də 30 il bundan öncə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilərin Kəlbəcər rayonunda törətdiyi Ağdaban faciəsidir. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi ermənilər tərəfindən bir gecənin içində darmadağın edildi. Erməni Silahlı Qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndini vəhşicəsinə yandırdılar.Onlar kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verdilər: 67 nəfər öldürülüb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarəti yetirilmişdir.
Quldurlar kənddə ruhi xəstə olan 35 yaşlı Məmmədov Musanı yaxalayaraq, onun əl-qolunu bağlamış ot tayasının üstünə qoyub, diri-diri yandırmışlar. Oğlunun harayına gələn Məmmədova Həyat Yolçu qızı da eyni cinayətin qurbanı olmuşdu. Alıyev Camal Haqverdi oğlu və onun balaca qızı Ülviyyə, 70 yaşlı Hümbətova Fatma Qaraca qızı, 67 yaşlı Bağırov Mir Əbdül Seyid Məmməd oğlu, 90 yaşlı Qocayev Bəkir Qurban oğlu, onun həyat yoldaşı 80 yaşlı Qocayeva Zeynəb Seyid Məmməd qızı və 30 yaşlı Qurbanov Qulu Şabər oğlu, 80 yaşlı Qocayev Qara Qurban oğlu da erməni canilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən Ağdabandan başladı.
Ermənilər tərəfindən qətlə yetirilənlər içində Aşıq Qurbanın Dədə Şəmşirin əzizləri də vardır: Qocayev Bəkir Qurban oğlu, onun həyat yoldaşı Qocayeva Zeynəb və 30 yaşlı Qurbanov Qulu Şabər oğlu, 80 yaşlı Qocayev Qara Qurban.
Ağdaban, eləcə də xalqımızın iki böyük sənətkarı, Azərbaycan şifahi xalq ədəbiyyatında özünəməxsus yerləri olan, aşıq poeziyamızın yaranmasında və inkişafında böyük xidmətləri olan Aşıq Qurbanın və Dədə Şəmşirin kəndidir.
Bu dəhşətli faciəni Dədə Şəmşirin böyük oğlu Azərbaycan Yazıçılar Birliyinin və Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, “Aşıq Şəmşir“ Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu yazdığı şeirində belə ifadə edirdi:
Ağdabanım qan içində,
Ürək dözmür can içində.
Qənbər, alış-yan içində,
Yaman səndən nigaranam!
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri tamamilə dağıdılmış, qədim ziyarətgahlar, inanc yerləri və məzarlıqlar məhv edilmişdir. Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarının məhv edilməsiermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm siyasətinin davamının daha bir təzahürü kimi də xarakterizə etmək olar. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirmişdir.
Şükürlər olsun ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə başlayan, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsində Ağdaban soyqırımının qurbanlarının da qisası alındı.Qənbər müəllimin yazdığı şeirdəki kimi:
Elin köməyilə çörəklənmişəm,
Dirçəlib dirçəlib zirəklənmişəm.
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm qanımı alanlarım var.
Bu gün Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir“ Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 7 Aprel 2022-ci il tarixində Nizami kino mərkəzində Ağdaban Soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvləri, Milli Məclisin deputatları, YAP Mərkəzi Aparatının əməkdaşları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak etdmişdilər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, millət vəkili Musa Quliyev bildirib ki, erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 30 il ötür. Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir. Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır, tariximiz yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Ağdabanın işğalını kədər hissi ilə qeyd edən bu kəndin sağ qalan sakinlərinə, ümumən bütün kəlbəcərlilərə təsəlli verən odur ki, ağdabanlıların qisası alındı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində 2020-ci ilin noyabrında işğalçı Ermənistan ordusu üzərində tarixi qələbə qazanıldı. Nəinki Kəlbəcər rayonu, ölkəmizin illərlə əsarətdə saxlanılan digər bölgələri də erməni tapdağından azad edildi. Yazın bu güllü-çiçəkli günlərində Ağdaban faciəsini zəfər sevincinə qatan kəlbəcərlilər özlərində ruh yüksəkliyi hiss edirlər. Onlar qələbənin möhtəşəmliyindən qürur duyaraq tezliklə Ağdabana, Kəlbəcərə, doğma yurdlarına dönmək arzusu ilə yaşayırlar.
“Aşıq Şəmşir” mədəniyyət ocağının sədri, Ağdaban sakini Cavid Qurbanov çıxışında qeyd edir: “1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Mən gözümü Ağdabanda - Dədə Şəmşir yurdunda açmışam. Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi. Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il dövlətimiz tərəfindən anım mərasimləri təşkil olunur. Bu gün artıq qalib xalqıq, qalib ölkəyik. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma yurdumu gördüm. Atamı vəfat etməmişdən öncə o torpaqlara apara bildiyim üçün xoşbəxtəm”.
Kəlbəcər, Ağdaban həsrətini ürəyində ağrı kimi daşıyan,həyatın min bir çətinliyinə sinə gərən, öz yaradıcılığında təpədən-dırnağadək vətənin haqq aşiqi olan vətənpərvər ziyalımız, hörmətli şair, publisist və el ağsaqqalı Qəmbər Şəmşiroğluyaradıcılığında o torpaqlara qovuşmaq ümidini diktə edirdi, öz nikbinliyindən bir an da olsun ayrı düşmürdü, o dağılan yurd yerlərini öz xəyalında abad edib çəmənzara döndərirdi:
Könül bu həyatın sonu səfərdi,
Ötən ömrü eşq eləmək hünərdi.
Yurda həsrət Şəmşir oğlu Qənbərdi
Yaşıyacaq o dağların eşqinə...
Bəli, Qənbər müəllim o dağların eşqilə yaşadı, dünyaını dəyişmədən öncə doğma yurdunu gördü və bu görüşdən çox keçmədi ki, həyatla vidalaşdı. Bəlkə elə Qənbər müəllimin arzusu bu idi; öz ata-baba yurdunu bir daha görmək, sonra həyatla vidalaşmaq. Ruhun şad olsun, Qənbər müəllim.
Rübabə Şirinova
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent