Ermənlərin Xocalıda törətdiyi soyqırımıdan 30 il keçir. YAP siyasi şurasının üzvü Elman Nəsirov bildirir ki, Xocalı soyqırımına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində qiymət vermək lazımdır:
-Ermənistanın Azərbaycana qarşı bu müharibəsi 1988-ci ildə, o zamankı sovet rəhbərliyinin xeyir-duası, gizli və açıq dəstəyi ilə başlamışdı. O zaman sovet rəhbərliyinin ermənilərlə birgə yürütdüyü siyasət Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. Bu işğal prosesində ümumbəşəri cinayətləri 1882-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verdi. O zaman sovet ittifaqı olmasa da, Rusiya onun siyasi ruporu kimi mövcud idi. SSRİ-nin ərazisi 22 milyon kv.km.idi, cəmisi 5 milyon kv.km-i itirdikdən sonra Rusiya 17 milyon kv km-i özünə vahid zolaq elan eləmişdi. Həmin vahid zolaqda SSRİ-nin Dağlıq Qarabağda - Xankəndində 366-cı motoatıcı alayı fəaliyyət göstərirdi. Bu mənada Xocalı soyqırımı ilə bağlı məsələyə geniş aspektdə yanaşmaq lazımdır. 1991-ci il noyabrın 1-dən, ta 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecəyə qədər faktiki olaraq Xocalı blokada vəziyyətində idi. Xocalıda törədilən hadisə sözün həqiqi mənasında soyqırımı idi. Çünki etnik, dini, milli mənsubuyyətinə görə Azərbaycan əhalisinə qarşı bəşəri cinayət həyata keçirilmişdi.
- Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətdə hansı işlər həyata keçirilir?
- Ermənistan Xocalıda soyqırımı törədib və buna görə məsuliyyət daşıyır. Ermənistanın baş naziri siyasi spekulyasiya yolunu seçdi. O, Rusiyanın qəzetlərindən biri olan “Arqumentı Faktı” qəzetinə istinad elədi ki, guya orada oxuyub ki, Azərbaycan prezidenti Ayaz Mütəllibov söyləyib ki, bunu hakimiyyət uğrunda mübarizənin gedişatında azərbaycanlılar törədiblər. Bu, kökündən yanlışdır və heç bir tənqidə dözməyən iftiradır. Cənab Prezident də söylədi ki, Rusiyanın kütləvi informasiya vasitələrində, o cümlədən “Arqumentı-faktı” qəzetində xeyli erməni mənşəli jurnalistlər çalışırlar və bu xəbərləri özləri yalandan yayıblar. Prezident bildirib ki, Ayaz Mütəllibov sağ-salamatdır və o, dəfələrlə qeyd edib ki, belə bir fikir söyləməyib. Bu, jurnalistin öz təxəyyülündən və siyasi məqsədindən irəli gələn bir yanaşmadır. Yerigəlmişkən, Ayaz Mütəllibov bu məsələ ilə bağlı Azərbaycan kütləvi informasiya vasitələrinə son müsahibəsində bir daha qeyd elədi ki, Paşinyan tamamilə yalan söyləyib, həqiqəti təhrif edib və o heç bir halda belə söyləməyib. Əslində Ermənistanın keçmiş prezidenti, bu günlərdə istintaqa cəlb olunan Serj Sarkisyan isə özünün Qərb jurnalistinə müsahibəsində qeyd eləmişdi ki, Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, biz onlarla zarafat edirik, amma Xocalıda biz göstərdik ki, onlarla zarafat eləmirik. Ermənistanın siyasi ali rəhbəri etiraf edib ki, Xocalı soyqırımını məhz ermənilər törədiblər.
Belə hesab edirəm ki, bu məsələlərin cənab Prezidentimiz tərəfindən qaldırılması çox böyük əhəmiyyətə malikdir. Əsrimiz informasiya əsridir və bu əsrdə düzgün dəqiq informasiyanı yaymaq, onu lazımi ünvanına çatdırmaq, beynəlxalq ictimai fikrə çatdırmaq olduqca böyük məsuliyyət, çox böyük bacarıq tələb edən məsələdir. Cənab Prezident bu işin öhdəsindən həmişə olduğu kimi ləyaqətlə gəldi. Qarabağla bağlı, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətləri bütün beyəlxalq ictimaiyyətin nəzərinə çatdırdı. Yerigəlmişkən həmin tədbirdə dünyanın aparıcı kütləvi informasiya vasitələri iştirak edirdi və canlı yayınlar aparılırdı. Cənab Prezidentin Xocalı soyqırımı ilə bağlı söylədiyi həqiqət, reallıqlar, səsləndirdiyi rəqəmlər informasiya müharibəsində bizim üstünlüyümüzü təmin edən mühüm bir hadisə oldu.
- Böyük güclər, problemə yanaşmada niyə ikilistandartlı yanaşmalardan əl çəkmirlər?
- İkilistandartlar dövrümüzün çox ciddi bir bəlasıdır. Eyni həqiqətə bir halda bir bucaq altında baxış, başqa halda isə həqiqətə fərqli bir bucaq altında baxış var. Biz dəfələrlə bunun şahidi olmuşuq. Dünya çox gözəl dərk edir ki, Ermənistan işğalçıdır və dünyanın heç bir dövləti Ermənisatanın yaratdığı qondarma rejimi tanımayıb, beynəlxalq təşkilatların qəbul etdiyi səndlərdə Ermənistan işğalçı adlandırılıb. Amma ikilistandartlı yanaşmadan irəli gələrək, Ermənistana münasibətdə konkret heç bir cəza mexanizmi işə salınmır. Heç bir iqtisadi, maliyyə, siyasi təzyiq mexanizmləri işə salınmır. Hələ mən hərbi təzyiqi söyləmirəm. Amma buna baxamayaraq bu bizi ruhdan salmır. Azərbaycan həqiqətlərinin, Qarabağ, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında həlledici addımı ulu öndər Heydər Əliyev atdı. Onun 1993-cü ildə hakimiyyətə gəlişindən sonra, məhz onun səyləri sayəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlərə siyasi, hüquqi qiymət verildi. Azərbaycan Parlamenti 1994-cü ildə bununla bağlı addım atdı. Ulu öndərin apardığı bu siyasəti cənab Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Mən ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın, xüsusilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdəki rolunu qeyd etmək istərdim. O, iştirak etdiyi bütün tədbirlərdə Qarabağ, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatırır. Mən xüsusilə 2008-ci ildən Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət” kampaniyasını qeyd etmək istərdim. Dünyanın bütün qitələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir və nəticələr də göz qabağındadır. Artıq 10 dövlətin parlamenti Xocalı hadisələrinə soyqırım kimi qiymət verib. Bundan başqa ABŞ-ın 20-yə yaxın ştatı analoji addımı atıb və Xocalı həqiqətləri dünyada daha çox qəbul edilməkdədir, bu proses davam edir. Amma buna baxmayaraq təəssüflə qeyd etməliyəm ki, bu günə qədər hələ də Xocalı soyqırımını törətmiş şəxslər öz layiqli cəzalarını almayıblar. İlahi ədalət deyilən bir məqam da var. Xocalıda əli qana batmış Ermənistanın keçmiş prezidenti Sarkisyana qarşı cinayət işi qaldırılıb. Çox yaxın vaxtlarda həbs ediləcəyi gözlənilir. Eyni zamanda, bu hadisələrin törədilməsində iştirak etmiş Ermənistanın keçmiş müdafiə naziri Ohanyana qarşı da cinayət işi açılıb. Düzdür, onlara qarşı açılan cinayət işləri Xocalı faciəsini törətmələrinə görə deyil. Amma burada ilahi bir ədalər var, yəni gec-tez bu cinayıtkarlar öz cəzasını alacaqlar və onların yolu həbsxanadan keçir. Gələcəkdə onların hərbi cinayətlərdə iştirakı da xüsusi müzakirə predmeti ola bilər və bu istisna deyil. Buna baxmayaraq, hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz potensialı, bacarığı çərçivəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında öz töhvəsini verməlidir və bu, olduqca vacib məqamdır.
- Elman müəllim, dünya azərbaycanlıları, bizlər Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından nə dərəcədə aktivlik göstərə bilirik. Ümumiyyətlə, bu istiqamətdə görülən işləri yetərli saymaq olarmı?
- Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlət səviyyəsində işlər görülür. Amma hesab edirəm ki, nə qədər ki, Azərbaycana qarşı cinayət törədənlər öz cəzalarını almayıb, görülən işləri yetərli saymaq olmaz. Bu istiqamətdə Diaspora işləri üzrə Dövlət Komitəsinin də uğurlu fəaliyyətini qeyd etmək istərdim. Bu yaxınlarda Almaniyanın paytaxtı Berlində böyük bir tədbir keçirildi. Bundan başqa dünya ölkələrindəki səfirliklərimizin, diplomatlarımızın da bu istiqamətdə çox ciddi işlər apardığı bəllidir. Dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərinin, ABŞ-ın ayrı-ayrı ştatlarının məhz Xocalı hadisələrinə soyqırım kimi qiymət verməsi, böyük zəhmətin hesabına baş verib. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər daha da gücləndirilməlidir. Burada əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyətə önəm verilməlidir və bu istiqamətdə də çox ciddi səylər göstərilməkdədir. Amma nə edək ki, dünya özü ədalətsizdir, nə edək ki, dünyada hüquqla gücün arasında balans pozulub. Dünyada “güclü haqlıdır” prinsipi işləyir və ona görə də bir çox hallarda həqiqətlərə barmaqarası baxılır. Amma biz bundan yorulmamalıyıq. Əksinə, hesab edirəm ki, beynəlxalq aləmdə üzləşdiyimiz ikilistandartar bizim üçün stimul rolunu oynamalı və bunun fonunda öz fəaliyyətimizi daha da gücləndirməli, daha koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməliyik. Xüsusilə altını cızaraq söyləyirəm ki, Qarabağ, Xocalı hadisələrinin dünyaya çatdırılmasında iqtidar-müxalifət bölgüsü olmamalıdır. Çünki bu, ümummilli məsələdir. Xüsusilə üzümü Azərbaycan diasporalarının bəzi simalarına tuturam, onlar bəzi hallarda Azərbaycan əleyhinə, dövlətçilik əleyhinə xoşagəlməz fəaliyyətlə məşğul olurlar. Bəzən təhqir yolunu seçirlər, bəzən antiazərbaycan, ermənipərəst qüvvələrin əlində bir alətə də çevrilirlər. Bu qətiyyən yolverilməzdir. Bu gün özünə azərbaycanlı deyib xaricdə yaşayan soydaşlarımız Xocalı soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı Ermənistanın həmin ölkələrdəki səfirlikləri qarşısında etiraz aksiyaları keçirib öz mövqelərini ortaya qoysunlar. Ermənistanın prezidenti və baş naziri hansı xarici ölkəyə səfərə gedirsə, onun qaldığı iqamətgahın qarşısısnda etiraz tədbirləri keçirsinlər. “Xocalıya ədalət” kampaniyası çərçivəsində öz haqq səslərni ucaltsınlar. Amma çox vaxt Azərbaycan Prezidenti milli maraqlarımızın müdafiəsi ilə bağlı xarici ölkələrə səfər edərkən bəzi üzdəniraqlar Azərbaycanın adına yaraşmayan hərəkətlər edib, Azərbaycan prezidentinin iqamətgahı qarşçısında antiazərbayacan siyasi dairələrin diqtəsi altında xoşagəlməz tədbirlər keçirirlər. Bu, qəbul edilməzdir. Hesab edirəm ki, özünə azərbaycanlı deyən şəxs xarici ölkədə bunu etməməlidir.
Gülşən Qasımova
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ortaq Dəyərlər" İctimai Birliyinin həyata “Xocalı soyqırımı 30-cu ilində - yerli və türk ölkələri media platformasında tanıtma və təbliğat” layihəsi çərçivəsində dərc olunur.