9 May - Faşizm üzərində qələbə günü ilə əlaqədar
“1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. Bu o Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. O Azərbaycan ki, İkinci Dünya müharibəsində Sovet Ordusunun yanacağının 90 faizini verirdi. Əgər Azərbaycan olmasaydı, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı müharibədə qələbə qazana bilməzdi və 3-4 il bundan sonra xalqımıza qarşı bu ədalətsizlik hansı mənəviyyata sığır? Bu, tarixdir. Bu tarixi biz bilməliyik. Bu tarixi bilmədən 1980-1990-cı illərin tarixi yarımçıq qalacaq” - İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci il dönümünü qeyd etməyə hazırlaşdığımız bu günlərdə cənab Prezidentin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşərdi. Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan həqiqətlərini dərindən öyrənmək və bu həqiqətləri dünyaya çatdırmaq istəyiriksə biz tariximizi bilməliyik, tariximizi mükəmməl öyrənməliyik. Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı da bu tarixin ən önəmli dövrlərindən biridir.
1941-ci il iyunun 22-də sovet xalqları, o cümlədən Azərbaycan da İkinci Dünya müharibəsinə qatılmış oldu. Müharibəyə qoşulan andan Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdi. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdı ki, onlardan 300 mindən çoxu müharibədə həlak olmuşdur. Müharibə illərində göstərdikləri igidliyə görə digər orden və medallarla yanaşı 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Milli atıcı diviziyalarımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın igid övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad döyüşlərində, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, o cümlədən faşizmə qarşı aparılan partizan və müqavimət hərəkatlarında qəhrəmanlıqla iştirak etmişdir. Bütün müharibə dövrü ərzində Azərbaycan xalqı həm də arxa cəbhədə fədakarlıqla mübarizə aparmış, ordunun ehtiyaclarını ödəmək üçün xalq gecə-gündüz çalışmışdır. Təkcə elə bir faktı vurğulamaq kifayətdir ki, Bakı Sovet İttifaqının ən mühüm silah istehsalı mərkəzlərindən biri idi. İkinci Dünya müharibəsində qələbənin qazanıılmasında əsas amillərdən biri olmuş Bakı neftininin əhəmiyyətini xüsusi qeyd etməliyik. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Faşist Almaniyası da Azərbaycanın əlverişli strateji mövqeyini və Bakı neftinin əhəmiyyətini çox yaxşı başa düşürdü. Onun Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hitlerin Qafqazın işğalı üçün tərtib etdiyi planda Bakının işğalı mərkəzi yer tuturdu. Lakin faşist ordusu Qafqaz dağlarının ətəklərində məğlub edilərək geriyə çəkilməyə məcbur edildi və bundan qısa vaxt sonra ümumilikdə müharibə faşizm üzərində qələbə ilə başa çatdı.
Təəssüflər olsun ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi bu qədər qəhrəmanlıqlara baxmayaraq Azərbaycan müstəqillik ətdə etdikdən sonra 9 may Qələbə Günü kimi qeyd edilməməyə başlandı, İkinci Dünya müharibəsi veteranları dövlətin diqqət və qayğısından məhrum olmuşdu və əsassız ittihamlarla üzləşmişdi. O vaxtki rəhbərlik 9 mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı riyakar təbliğat aparırdı. Əlbəttə bu faşizm üzərində qələbədə həyatını, sağlamlığını qurban vermiş igid azərbaycanlılara, arxa cəbhədə gecə-gündüz çalışmış azərbaycan xalqına, Azərbaycan tarixinə qarşı edilmiş bağışlanmaz səhv idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın İkinci Dünya müharibəsində iştirakına lazımı qiymət verildi, veteranların hüquqları bərpa edildi, 9 may Qələbə günü kimi Azərbaycanda yenidən qeyd edilməyə başlandı. Ulu Öndər müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər”.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev də faşizm üzərində tarixi Qələbənin ildönümünün hər il Respublikamızda təntənəli şəkildə qeyd olunmasına xüsusi diqqət yetirir. Müharibə veteranları, onların ailələri, müharibədə vəfat etmiş şəxslərin ailələri, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər daim dövlətin diqqətindədir. Çünki dahi Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev Azərbaycanın əvvəlki səriştəsiz rəhbərlərindən fərqli olaraq düzgün siyasi-mənəvi qərara gəlmişdirlər ki, İkinci Dünya müharibəsində zəfərlə qalib çıxmış igid azərbaycanlılar nəslini indiki nəsillə bağlayan qırılmaz bağlar var. Həmin dövrdə qəhrəmanlıqlar göstərmiş, vətən uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə layiq olduqları hörmət, dövlət diqqəti və qayğısı göstərilmədən yeni nəslə vətən sevgisi, vətənə sədaqət, qəhrəmanlıqla bağlı düzgün nümunə göstərmək olmaz. Bu müdrik siyasətin nəticəsidir ki, vətən sevgisi və milli ruhda yetişmiş, tarixinə, keçmişinə, mənəvi dəyərlərinə qiymət verməyi bacaran gənc azərbaycanlılar 1941-1945-ci illərdə faşizm üzərində qələbə qazanan soydaşları kimi 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qələbə qazanmışdır.
İnanırıq ki, İkinci Dünya müharibəsi kimi bəşəriyyət tarixinin ən qanlı dövrünə şahidlik etmiş, sonralar isə erməni faşizminin müharibə meydanına çevirdiyi Cənubi Qafqazda Müzəffər Ali Baş Komandının rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış qələbədən sonra artıq birdəfəlik sülh hökm sürəcək. Bu hədəf uğrunda ilk addımı da cənab Prezident özü atıb və onun təşəbbüsü ilə Azərbaycanın 5 prinsipdən ibarət təklifi Ermənistan tərəfə təqdim edilib. Məhz bu beş prinsip əsasında Ermənistanla sülh danışıqları davam etdiriləcək. Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının öyrənilməsi isə əvvəlki kimi yenə də bizim diqqət mərkəzimizdə olacaq. Çünki artıq Cənubi Qafqazın ən güclü dövləti kimi Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı müstəqil araşdırılmalı, Azərbaycan xalqının və neftinin faşizm üzərində qələbədə tarixi əhəmiyyəti bütün dünyaya çatdırılmalıdır. Ulu Öndərin dediyi kimi: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur”.
Faşizm üzərində qələbinin 77-ci il dönümü münasibəti ilə 1941-1945-ci illərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük hörmətlə yad edirik!
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri