Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Ermənistan və Azərbaycan liderlərinin mayın 22-də Brüsseldə keçirilən görüşünü şərh edib.
Modern.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri öz Twitter səhifəsində yazıb:
"Biz Avropa Şurasının rəhbərinin Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə təşkil etdiyi üçüncü üçtərəfli görüşü alqışlayırıq. Ümid edirik ki, davamlı sülhə doğru sürəti dəstəkləyən konkret addımlar görəcəyik".
Borrelin sözlərinə görə, Avropa İttifaqı regiona sabitlik və barışıq gətirmək səylərində fəal iştirak etməyə davam edir.
Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.