"Qardaşım Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iki ölkənin dostluğunu və əməkdaşlığını hər sahədə zirvəyə qaldıracağıq”.
Modern.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bakıda keçirilən “Teknofest Azərbaycan” texnoloji festivalında iştirakından danışan Ərdoğan Prezident İlham Əliyevin şəxsində onları məhəbbətlə qarşılayan Azərbaycan xalqına təşəkkür edib:
“Azərbaycan Prezidenti ilə görüşümüzdə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ Zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik. Heyətimizdəki nazirlər də azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişafı ilə bağlı faydalı görüşlər keçiriblər. Qarabağın nəqliyyat infrastrukturunun qurulması, yaşayış məntəqələrinin salınması və istehsalın bərpası da daxil olmaqla, dəstəyimizi davam etdirəcəyik. Kənd təsərrüfatı ərazilərinin becərilməsi ilə bağlı müvafiq qurumlarımızla, şirkətlərimizlə birlikdə azərbaycanlı qardaşlarımızla ortaq fəaliyyət göstərəcəyik. Beləliklə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata torpaqlarına tezliklə qovuşmasına dəstək verəcəyik”.