Modern.az

ABŞ səfiri Bakı ilə vidalaşır - Baydenin namizədindən gözləntilər nədir?

ABŞ səfiri Bakı ilə vidalaşır - Baydenin namizədindən gözləntilər nədir?

Aktual

1 İyun 2022, 10:00

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqin vəzifə müddəti iyul ayında başa çatır. Amerika Prezidenti Co Bayden artıq onun yerinə namizədini açıqlayıb. Belə ki, Bakıdakı səfir postuna Dövlət Departamentinin Vaşinqtonda yerləşən Milli Müharibə Kollecinin məsləhətçisi Mark Libbinin namizədliyi irəli sürülüb.  

 

Bəs, hazırki səfiri Li Litzenberqin fəaliyyəti nə ilə yadda qalacaq? O, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına hansı töhfələri verib? 

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Vaşinqtonun iyulda vəzifəsi bitəcək səfiri Li Litzenberqin fəaliyyəti Qarabağın işğaldan azad edilməsi və postmünaqişə dövrünə təsadüf edib.

 

Onun sözlərinə görə, səfirin fəaliyyətində müharibə və postmünaqişə dövrünün reallıqlarına əsaslandığını açıqca görmək olar. Məhz bu amil ikitərəfli əlaqələrə müsbət təsir göstərib:

 

"Eyni zamanda qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycan-ABŞ münasibətləri ilə bağlı aparılan dioloq ardıcıl davam edib. Bu da həm siyasi, həm iqtisadi səviyyədə əlaqələrin inkişafına öz bəhrəsini verib. Amerika prezidentinin son məktubları, eyni zamanda Konqresin Azərbaycanın təhlükəsizliyi üçün ayırdığı vəsaitində azalma olmaması da bundan xəbər verir. Digər Cənubi Qafqaz ölkələrinə baxanda Azərbaycana təhlükəsizliklə bağlı ayrılan yardımlar az deyil".

 

Politoloq hesab edir ki, ABŞ-ın Azərbaycanla münasibətlərinin inkişafında səfirliyin xüsusi xidmətləri var:

 

"Səfir Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini Amerika administirasiyası qarşısında faktlarla göstərib. Onun Amerika siyasətində Azərbaycanın rolu haqqında müsbət rəyləri bütün bunlara təsir edib".

 

Co Baydenin Bakıya göndərmək istədiyi səfir namizədinə gəlincə, politoloq ondan gözləntilərinin müsbət olduğunu vurğulayıb:

 

"Təcrübə onu göstərir ki, səfirlərin cari fəaliyyətlərini qiymətləndirmək olar. Bir çox hallarda proqnozlar özünü ya doğrultmur, ya da əksinə doğruldur. Ona görə də, səbrlə gözləyək görək, yeni səfirin fəaliyyəti necə olacaq. Ancaq düşünürəm ki, hər halda ənənəvi siyasət davam etdiriləcək. Öncəki səfirin Azərbaycan-Amerika əlaqələrinə yanaşması yeni səfirdə də özünü göstərəcək. Ümid edək ki, Amerikanın praqmatik əsaslara söykənən xarici siyasəti davam edəcək. Bu isə şübhəsiz regiona öz töhfəsini verəcək. Praqmatik yanaşsaq, Azərbaycanın regiondakı rolunu nəzərə alsaq, Amerika ancaq Azərbaycanla əlaqələrini gücləndirməklə regionda nüfuzunu artıra bilər".

 

Baydenin səfir namizədi Mark Libbi kimdir?

 

 

Modern.az-ın məlumatına görə, nazir-müşaviri rütbəsinə sahib olan Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır.

 

Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.

 

Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib.

 

Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

 

Qeyd edək ki, səfir namizədi Massaçusetsdəki Tafts Universitetində və Parisdə Institut des Etudes Politiques-də bakalavr,  Amerikada Milli Hərbi Kollecdə magistr təhsili alıb.

 

Polyak və fransız dillərini mükəmməl bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?