Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.
Modern.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.
Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır. Buna qədər 3 əvəzetməyə icazə var idi.
Həmçinin, Premyer Liqada legioner limiti də dəyişdirilib. Belə ki, limit 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunacaq. Buna qədər Premyer Liqamızda legioner limiti 6+5 (6 əcnəbi, 5 yerli futbolçu) sistemi ilə idi.
Qeyd edək ki, bir müddət əvvəl AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi. Həmin iclasda 6+5 limiti və 3 əvəzetmə sayı qüvvədə saxlanılmışdı.