Gələn il qardaş Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə təmsil olunduğu "Cumhur ittifaqı" artıq vahid namizədini elan edib. Belə ki, 2023-cü ildə iqtidar düşərgəsinin namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacaq. Lakin müxalifət hələ də vahid namizədini açıqlamayıb.
Hazırda müxtəlif versiyalarla bağlı danışıqlar aparılır. Seçki müzakirələri fonunda Türkiyənin sabiq prezidenti Abdullah Gül və keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun müxalif düşərgənin namizədi olacağı güman edilir.
Türkiyədə Ərdoğana qarşı mübarizə apara biləcək siyasətçinin kim olacağı maraq doğurur. Müxalifət namizədini niyə açıqlamır?

Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş Modern.az-a bildirib ki, müxalifət iddialı rəqib axtarışındadır.
“Müxalifət partiyaları hələ öz namizədlərini təyin etməyib və ya edə bilmirlər. Müxalifət partiyaları hazırda Prezident olan Rəcəb Tayyib Ərdoğanın qarşısına keçə biləcək namizədi düzgün təyin etməklə məşğuldur. Çünki Ərdoğanın qarşısına keçəcək namizəd onunla mübarizə apara biləcək gücdə olmalıdır. Bir neçə namizəd var, onlar özləri də seçim qarşısındadır ki, kimi nümayəndə olaraq seçsinlər. Namizədlər müəyyən olunduqdan sonra deyə bilərik ki, xalqın səsini kim qazanacaq, - deyə Türkiyənin məşhur generalı prezident seçkiləri barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, ötən gün Türkiyə lider Rəcəb Tayyib Ərdoğan İzmirə səfəri zamanı prezidentliyə namizəd olacağını rəsmən bəyan edib. O, müxalif düşərgəyə müraciət edərək bildirib ki, meydandan qaçmaq lazım deyil.
"Namizədlik məsələsini artıq ört-basdır edə bilməzsiniz. Seçki gələn il iyunun ortalarında keçiriləcək. Qaçmağa yerin yoxdur, Kamal bəy. Siz camaata deyirsiniz ki, Cümhur İttifaqının namizədi müəyyənləşməlidir. Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır. Kamal bəy, ya namizədliyinizi elan edin, ya da yoldan çəkilin. Siyasət ürək və səmimiyyət işidir. Bu suala cavab vermirsinizsə, bu, sizin həm ürəksiz, həm də səmimi olmadığınız deməkdir. Yadında saxla, deyirlər ki, xoruz çox olan kənddə səhər gec açılar. Baxın, heç namizəd də yoxdur, qalanlar necə gələcək?", - deyə Ərdoğan CHP liderinə meydan oxuyub. Lakin qarşı tərəf prezidentin sərt çıxışına hələ reaksiya verməyib.