15 İyun - Milli Qurtuluş Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı, Abşeron rayon Xırdalan şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 20 saylı tam orta məktəb və Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 126 saylı tam orta məktəb üzrə yeni ərazi partiya təşkilatları təsis edib.
Modern.az-ın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək qeyd etdi ki, Bu il ikinci ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Kəlbəcər rayon 20 saylı tam orta məktəbin direktoru Şəfi Murtuzayev, Kəlbəcər rayon 126 saylı tam orta məktəbin direktoru Sevda Bayramova və digər çıxış edənlər bildirdilər ki, 1993-cü ilin çətin və ağır bir zamanında müdrik Azərbaycan xalqı, başda ziyalılar olmaqla, ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Xalqın təzyiq və təkidi ilə mövcud hakimiyyət hamının ümid və inam yeri olan, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, dünya şöhrətli siyasətçi Heydər Əliyevə müraciət etdi. Bütün şərəfli ömrünü xalqının və Vətəninin inkişafına bəxş edən Heydər Əliyev xalqın səsinə səs verdi və öz xilaskarlıq missiyasını həyata keçirib.
Çıxışlardan sonra cari məsələlərə baxılıb.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının ,Kəlbəcər rayon 20 saylı tam orta məktəb və Kəlbəcər rayon 126 saylı tam orta məktəb ünvanı üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatı təsis edilib.
Şəfi Murtuzayev Kəlbəcər rayon 20 saylı tam orta məktəb, Sevda Bayramova Kəlbəcər rayon 126 saylı tam orta məktəb ərazi partiya təşkilatına sədr seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədirləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.