Modern.az

Türkiyə-Azərbaycan-Pakistan Gənclik Forumu keçirildi

Türkiyə-Azərbaycan-Pakistan Gənclik Forumu keçirildi

Aktual

16 İyun 2022, 23:15

İstanbulda Türkiyə-Azərbaycan-Pakistan Gənclik Forumu keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və "Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə təşkilatçılığı ilə baş tutub.

 

Əvvəlcə hər üç ölkənin Dövlət himnləri səsləndirilib. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov üç qardaş ölkə arasındaki mövcud əməkdaşlıq, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə danışıb, müxtəlif sahələr üzrə gənclərin qarşılıqlı mübadiləsinin vacibliyini vurğulayıb. O, türkiyəli gənclərlə yanaşı, pakistanlı gənc fəalların da işğaldan azad olunan ərazilərimizə səfəri ilə bağlı hazırkı planlar haqqında məlumat verib.

 

Azərbaycan, Türkiyə və Pakistanın bir-biri ilə mənəvi cəhətdən bağlılığına toxunan Türkiyə Gənclik Vəqfinin sədri Enes Eminoğlu Azərbaycanın 44 günlük Vətən müharibəsində də xalqlarımız arasındakı qardaşlığın özünü büruzə verməsinin təsadüfü olmadığını qeyd edib.

 

Çıxışında Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin tarixi, siyasi və mənəvi dəyərindən danışan ölkəmizin İstanbuldaki baş konsulluğunun konsulu Zaur Allahverdizadə ölkələrimiz arasında müxtəlif sahələr üzrə keçirilən görüşlər və əldə olunan anlaşmalardan danışıb.

 

Zaur Allahverdizadə bu, üçtərəfli əməkdaşlığın həm Vətən müharibəsi dövründə, həm də şanlı Zəfərimizdən sonra daha dərin məna kəsb etdiyini xüsusi vurğulayıb.

 

Forumda otuz ilə yaxın erməni işğalı altında olan Azərbaycanın tarixi Qarabağ torpağının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində azad edilməsi barədə iştirakçılara məlumat verilib. Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

 

Tədbirdə Azərbaycan və Pakistanın Türkiyədəki diplomatik nümayəndələri, İstanbul və ətraf şəhərlərdə təhsil alan türkiyəli, azərbaycanlı və pakistanlı tələbələr, müxtəlif gənclər birliyi təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Forum çərçivəsində Türkiyə universitetlərində işləyən azərbaycanlı və türkiyəli müəllimlərin iştirakı ilə tarixi əlaqələrimiz, beynəlxalq arenada həyata keçirdiyimiz birgə diplomatiyadan bəhs edən seminar təşkil olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı