İtaliyada COVID-19 pandemiyasının növbəti dalğası müşahidə olunur.
Modern.az xəbər verir ki, ötən sutka ərzində İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 min nəfəri keçib.
Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saatda 132 min 274 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, cari ilin fevralın 1-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
İtaliyada koronavirusa yoluxanların ümumi sayı 18 milyon 938 min 771-ə yüksəlib.
Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 87 min 272, reanimasiya şöbəsində olanların sayı isə 323 nəfərdir. İndiyədək İtaliyada 168 min 698 nəfər koronavirusun qurbanı olub.
Qeyd edək ki, pandemiya dövründə 17 milyon 682 min 801 nəfər virusdan sağalıb.