Modern.az

Heydər Əliyev hər bir azərbaycanlı üçün həm də Vətən deməkdir!

Heydər Əliyev hər bir azərbaycanlı üçün həm də Vətən deməkdir!

Aktual

14 İyul 2022, 08:10

Xalqlar və millətlər də talecə insana bənzəyir. Millətlərin də taleyi onların əməllərinə, ruhuna uyğun müəyyənləşir, bəzən heç gözlənilmədən elə bir möcüzə baş verir ki, bütün sonrakı gedişat bu möcüzəyə bağlanır. Əlbəttə ki, Tanrı böyükdür və insanlar kimi millətlərin də taleyində xilaskar rolunu oynayan şəxsi məhz Tanrı seçir. Rusiya tarixində I Pyotr, Almaniya tarixində Otto fon Bismark, Hindistan tarixində Mahatma Qandi, Türkiyə Cumhuriyyət tarixində Mustafa Kamal Atatürk belə mövqedə olan nadir şəxsiyyətlərdəndir. Heç bir alternativ olmadan, heç bir şübhəyə yer qoymadan əminlilkə demək olar ki, Azərbaycan xalqının taleyində belə bir mövqenin yeganə sahibi unudulmaz dahi Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin taleyində və tarixində sözlə ifadə edilə bilməyəcək elə bir  rol oynayıb ki, bu mövqe fövqəlgüc hesab edilib, möcüzə sayıla bilər.

 

1969-cu il, 14 iyul.  Təqvimin bu gözəl günü uzun müddət imperiya əsarətində az qala tarixi, milliyi məqsədli şəkildə unutdurulan bir xalqın intibaha gedən yolunun başlandığı gün idi. Azərbaycan SSR-nin DTK-nin rəhbərlyində təmsil olunan dahi azərbaycanlı Heydər Əliyev ölkəsinə sədaqətini nümayiş etdirməklə vəzifəsinin verdiyi imkanlardan da artıq xalqımızın gerçək ziyalılarını, milli kodları qoruyan, Azərbaycan vətəndaşının rifahını düşünərək onun ideoloji mənəvi dəyərlərinin keşiyində duran fenomenə çevrilmişdi. Məhz onun bu qurumda fəaliyyəti dövründə repressiya dalğası aradan qaldırıldı,  soyuna, Vətəninə bağlı ziyalıların təqib olunması, ləkələnməsi prosesi dayandırıldı, özünüdərk, milliləşmə prosesinə start verildi.

 

Daha sonra 1969- cu ilin 14 iyulunda respublika rəhbərliyinə gələrək Azərbaycanın taleyində mühüm qərarları qəbul və bunları icra edən liderə çevrilən dahi Heydər Əliyev xalqımızın tarixində yeni şanlı səhifənin başlanğıcını qoydu. İmperiyanın və Kremlə qədər kök salmış mənfur qonşularımızın anti-Türk, anti-Azərbaycan diskriminasiyası altında xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər inqilabi xarakter almağa başladı. Rəsmi olaraq dilimizin Azərbaycan dili elan olunması, gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, sənayenin, xüsusilə neft sənayesinin inkişafı, bölgələrin abadlaşdırılaraq kənddən şəhərə axının dayandırılması, tariximizin və ədəbiyyatımızın milli köklərə bağlı şəkildə təbliği və xalqımız üçün taleyüklü yüzlərlə işin görülməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Ulu öndər bütün sovet məkanında fenomenal liderə çevrilməklə yanaşı, həm də Azərbaycanın simasına çevrilmişdi. Azərbaycan üçün Heydər Əliyevin rəhbərliyi altında işıqlı bir yolun başlanğıcı qoyulmuşdu.

 

Dahi şəxsiyyətin və onun simasında Azərbaycanın yüksəlişi heç şübhəsiz ki, düşmənlərin yuxusuna haram qatmışdı və heç vaxt xalqımıza qarşı xoş münasibətdə olmayan Kremldə bu qüvvələr məqsədlərinə çatdılar. Böyük azərbaycanlı vəzifədən uzaqlaşdırıldı və bununla da Azərbaycanın bəlaları başlandı. Bu bəlaların başlanğıcı olan 20 Yanvar faciəsində Heydər Əliyev etirazı ilə sübut etdi ki, o vəzifədə olmadan belə xalqın yanında durmağı bacarır.

 

Respublikamızın ağrılı-acılı günlərində hamının qaçdığı bir anda Heydər Əliyev Moskvada məşhur mətbuat konfrasında xalqımıza qarşı törədilən bu qətliamı pisləyərək, həyatı üçün yarana biləcək hər cür təhlükələrə  baxmayaraq, cəsarətlə keçmiş SSRİ rəhbərliyinin cinayətini bütün dünyaya bəyan etdi və hamıya nümunə oldu.  Bu tarixi bəyanatı ilə harada yaşamağından asılı olmayaraq Vətəni sevməyi və necə qorumağı bizə öyrətdi.

 

Bütün şüurlü fəaliyyəti doğma torpağı ilə bağlı olan Heydər Əliyev hər bir azərbaycanlı üçün, hər birimiz üçün həm də Vətən deməkdir. Çünki bu gün ölkə olaraq Azərbaycan ona görə müstəqildir ki, onun Heydər Əliyev kimi lideri var və onun ölməz ideyaları yaşayır. Tanrının və tarixin verdiyi missiyanı yerinə yetirən ulu öndər ideoloji, iqtisadi əsaslarını yaratdığı müstəqilliyin ilk çağlarında heyrətamiz təvazökarlıqla heç bir iddia göstərməyərək xalqına təmənnasız xidmətini davam etdirdi. Ümummilli lider Heydər Əliyevin sovet dönəmində qurduğu təməl müstəqil Azərbaycanın ayaqda durmasında müstəsna rol oynadı. Bu təməl üzərində qurulan dövlətin başında ulu öndərin dayanması da Tanrının və tarixin ədaləti idi.

 

Azərbaycan dövləti müstəqilliyin ilk ilindəcə dağılmaq təhlükəsi ilə üz-üzə qalanda xalqın ümid yeri yenə də ümummilli lider idi. Məhz bu böyük liderin xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə kök salmış xaos, anarxiya aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı, separatizm alovu söndürüldü, xalq rahat nəfəs almağa başladı.

 

Dahi azərbaycanlının yaratdığı bazis bu gün Zəfər savaşından tutmuş iqtisadi yüksəlişə, diplomatik uğurdan tutmuş sosial tərəqqiyə qədər bütün sahələrdə özünü göstərir. Başqa sözlə, ümummilli lider bu gün də şah əsəri olan müstəqil Azərbaycanla birgədir. Tarix üçün əbəddiyyən ən böyük azərbaycanlı Heydər Əliyev olacaq!

 

Rəşad Mahmudov,
Milli Məclisin deputatl,
YAP İdarə Heyətinin üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı