Aida Eyvazlı
Bir dəli quyuya bir daş atdı, yüz ağıllı gəldi, çıxara bilmədi...
Özünü dünyanın padşahı elan etmək istəyən Putin Qarabağa dırnaqarası “sülhməramlıları”nı , de-fakto isə müharibəməramlılarını yerləşdirəndən sonra, Qazaxıstanı, Özbəkistanı , Qırğızıstanı da bu quldur dəstələri ilə doldurmaq istəyirdi. Əslində Rusiyanın hər yerdə bazası olduğu kimsəyə sirr deyil. Lakin bu bazaların nə qədər yararlı olub-olmamadığını biz 44 günlük döyüşümüzdə və Zəfərimizdən sonra, paytaxt Bakının mərkəzində salınan “Zəfər Parkı” ilə dünyaya göstərmiş olduq.
Rusiya hərbi dövləti Azərbaycanda pisməramlı , rusməramlı, müharibəməramlılarının sayını çoxaltdıqca, iştahası artdı. 2 yanvar 2022-ci ildə Qazaxıstanda bir soyuq fırtına yaratdı. Çox şükür ki, orada istədiyinə nail ola bilmədi. O bilirdi ki, SSRİ-ni yenidən bərpa etmək planına qarşı çıxan əsas lider və fiqur Nursultan Nazarbayevdir. Yəni o “YOX!” deyəcəksə, arzusu reallaşmayacaq. Ona görə də bu planının yerinə yetirilməsi üçün siyasi arenadan ilk növbədə Nursultan Nazarbayevin getməsi lazım idi. Çünki 2021-ci ilin sonunda Sankt-Peterburqda keçirilən MDB Sammitində Nursultan Nazarbayev Qazaxıstan Dövlət Təhlükəsizlik Şurasının sədri kimi onun bu təklifinə birmənalı şəkildə “YOX!” demişdi.
Putin belə fikirləşirdi ki, Qazaxıstanın yeni Prezidenti Kasım Jomərd Tokayev onun istəklərini reallaşdıracaq. Lakin Bilgə Nursultan Nazarbayevin yanında siyasi və diplomatik dərs almış Kasım Jomərd Tokayev Qazaxıstan Müstəqil Respublikasının qurulduğu ilk vaxtlardan ön sıralarda olmuşdu. Müstəqilliyin necə çətin əldə edilməsinin, bu ölkənin necə çətinliklə qurulub, Türk Dünyasının ASTANASI olması sıralarında addım-addım irəliləmişdi. Ona görə də torpağının, Vətəninin, Dövlətinin maraqlarını hər şeydən üstün tutdu. Və bu gün açıq- aşkar şəkildə Rusiyanın etdiyi müharibəni bir çoxlarından fərqli olaraq, “əməliyyat” deyil, “müharibə, savaş” adlandırır. Bütün platformalarda da dünya ölkələrinin müstəqilliyini və dövlət səhədlərini dəstəklədiyini bəyan edir.
Qazaxıstanda iştah dişi sındırılan Vladimir Putin fevralın 24-də Ukraynaya hücum etdi. Gərək etməyəydi. Axı biz onun dərsini 44 günlük savaşda vermişdik. Biz onun silahlarının nə qədər yararsız olduğunu, əlinin altında Qafqazda bomba kimi bəslədiyi ermənilərin nə qədər gücsüz olduğunu 44 gündə dəfələrlə sübut etmişdik. Əgər bizim Şuşanı alan oğullarımız varsa, Ukraynanın da öz torpaqları, Luqanks, Donetsk, Xerson uğrunda döyüşə girəcək, intiqam alacaq qəhrəmanları vardır.
Bir neçə ay bundan əvvəl Ukraynadakı müharibədən məcburi surətdə qaçqın olanların ac-susuz sərhəd xətlərindəki növbə sıralarını kimsə unutmayacaq. Tarix də unutmayacaq. Onlar müharibədən qaçırdılar. O zaman şovinizt ruslar Putini dəstəkləyir, Ukraynada törədilən qanlı müharibəni özlərinin qələbəsi elan edirdilər. Ölən uşaqları, gəncləri, qocaları faşist adlandırırdılar. Öz müstəqilliyini qoruyanlar Rusiya üçün, onun şovinist, qanlı imperializm həvəskarları, təbliğatçıları üçün hər zaman faşist olublar. Nəticədə bu “faşist” sözü dəyişib, “raşist” oldu.
Qarabağda, Dnestryanıda, Abxaziyada, Ukraynda gedən rus imperialist müharibəsini dəstəkləyənlər, bu gün Moldovanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Azərbaycanın, Türkiyənin sərhəd-keçid məntəqəsində növbəyə düzülüblər. Ruslar özləri dəstəklədikləri müharibədən qaçırlar. Atəş düşdüyü yeri yandırar. Rus sərhəd-keçid məntəqələri, rus milliyətindən olanları başqa ölkəyə buraxır. Kalmıkı, tuvalını, yakutu, saxalını, tatarı, müsəlmanı, azərbaycanlını isə buraxmır. Onları kortəbii surətdə Ukraynada güllə qabağına göndərir. Dünyada çoxalan türklərin, müsəlmanların sayını azaltmaq, kökünü kəsmək istəyir. I Pyotrun vəsiyyətnaməsinə əməl edir.
Bu gün həm Qazaxıstanda, həm də Rusiyada yaşayan jurnalist həmkarlarımla danışmalı oldum. Qazaxıstandan olan jurnalist həmkarım deyirdi: “ Burada dəhşətdir, artıq 100 mindən çox rusu qəbul etmişik. Elə hey gəlirlər, biz də onları duz-çörəklə qarşılayırıq. Bilirsiniz də qazax xalqının süfrəsi hər zaman çörəkli, ocağı isti olub”.
Mən də ona dedim ki, “Amandır, onlara çox isti qucaq açmayın, çünki beş ildən sonra, həmin ruslar əllərində plakatlar dövlət binalarının qarşısında dayanıb Rusiyaya qışqıracaqlar ki, bizi qazaxlar qırdı, gəlin... Ona görə də sərhəddinizi keçən, torpağınızda məskunlaşan ruslardan müsahibə alın, lentə köçürün, söz-söhbətlərini yayın...”.
İkinci söhbət etdiyim həmkarım isə Rusiyadan öz övladlarını Bakıya göndərmək istəyən digər jurnalistin xahişini edirdi ki, onun övladları Bakıya gələrlərsə, onları yaşayış yeri, işlə təmin edə bilim. Ona verdiyim ilk cavab belə oldu: “Əzizim, bizim heç özümüz üçün iş yeri çatışmır. Biz hələ ki Putinin Ordusunun yardımı ilə dağıdılan Qarabağı, yurdlarımızı tikib-qururuq. Sən ki, özün həmin vaxtlar burada xususi müxbir işləyirdin... Bir də ki, indi Bakıya gələn rusların beş il sonra buradan Rusiyaya “Azərbaycanlılar bizi qırdı” çağırışını etməyəcəklərinə əmin deyilik”.
Həmkarım, çox təəssüf etdi, dedi ki, bəli, biz müharibə istəmirik, lakin neyləyək ki, bir şizofrenik insanları qoyun kimi dəstə halında Rusiya uğrunda deyil, öz marağı uğrunda ölümə göndərir. Hələ bir dünyanı nüvə silahı ilə də hədələyir. Bəli, üzümüz hamının yanında qaradır. Doğru deyirsən ki, 5 ildən sonra onlar hər cür çağırış edə bilərlər. Çünki hazırda Rusiyadan qaçıb sığınacaq axtaranların arasında imperialist ideyalarının təbliğatçısı olan xüsusi xidmət orqanlarının əməkdaşları da var. Necə ki, vaxtı ilə Krıma, Luqanska, Donetskə göndərirdi onları, indi də sığınacaq alan rusların yerləşdiyi ölkələrə öz emissarlarını doldurur”.
Bu fikirləri bu səhər mənim jurnalist həmkarım ürək ağrısı ilə səsləndirdi. Və qeyd edim ki, rusiyalı həmkarım hər zaman Rusiya hökumətinə müxalif olub.
Bütün bu gördüklərimiz və eşitdiklərimizdən sonra, baş verən hadisələrin fonunda üzümü Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general- polkovnik cənab Əli Nağıyevə, Azərbaycan dövlətinin güc və hüquq mühafizə bölmələri strukturlarında çalışanlara tutaraq, xahiş edirəm ki, Rusiyadan buraya qaçqın gələnlərin Azərbaycanın dövlət strukturlarında, informasiya mənbəyi və ötürücüsü olan şirkətlərdə, dövlət idarələrində işə götürülməsinə imkan yaradılmasın. Sensassiya axtaran televiziyalar, saytlar Azərbaycana qaçıb məskunlaşan rus ailələrindən, qaçqınlardan süjetlər, materiallar hazırlasınlar, rus hökumətinə olan münasibətlərini, nədən qaçdıqlarını öyrənsinlər. Bu sənədlər bir neçə ildən sonra bizə gərək olacaq.
Azərbaycan Dövləti Müstəqillik qazandığı gündən Rusiya öz adamlarını və Ordusunu Azərbaycana yeritmək siyasəti aparır. Əgər nüvə silahını işə salmayacaqlarsa, bir neçə həftədən sonra Rusiyada hakimiyyət çevrilişi olması labüddür. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, həmin rus I Pyotrun və II Yekaterinanın vəsiyyətlərini yerinə yetirəcək. Onlar bütün vəsiyyətlərində Qafqazda, Anadoluda, Azərbaycanda, türklər, müsəlmanlar yaşayan bölgələrdə bizim birliyimizə, inkişafımıza mane olublar. Öz hakimiyyətlərini bərpa etmək üçün səlahiyyət verdikləri azərbaycanlılarımızın sinəsinə orden asmaqla aldadıb, torpaqlarımızı, var-dövlətimizi əlimizdən alıb, qan töküblər.
1992-ci ildən bəri qəhrəman oğul və qızlarımızın qanı hesabına yaratdığımız və qoruduğumuz, yenidən tikib-qurmağa başladığımız Vətənimizdə 5-10 ildən sonra müharibə olmasın deyə, ayıq-sayqı olmalıyıq. Düşməni ocaq başına gətirməməliyik.
28.09.2022.