ABŞ Məxfi Xidmətinin direktor müavini Mett Kuinn vəzifəsindən ayrılacağını açıqlayıb. Ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirən Kuinnin son iş günü noyabrın 7-si olacaq.
Modern.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Kuinn cümə günü “X” sosial şəbəkəsində yaydığı açıqlamada son bir neçə aydır Məxfi Xidmətin direktoru Şon Karranla birlikdə səlahiyyətlərin təhvil verilməsi planı üzərində işlədiyini bildirib.
Qurumun əməkdaşlarına ünvanladığı məktubda Kuinn son 18 ayı karyerasının ən əlamətdar dövrü adlandırıb və vəzifədən ayrılmaq qərarını verməyin onun üçün asan olmadığını qeyd edib.
Məxfi Xidmətdə 20 ildən çox çalışan Kuinn əvvəlcə təqaüdə çıxıb, daha sonra quruma qayıdaraq direktor müavini vəzifəsini tutub. O, geri dönüşünün uzunmüddətli planlaşdırılmadığını, elə ilk gündən Şon Karrana özünə mümkün qədər tez varis hazırlamaq niyyətində olduğunu dediyini bildirib.
Kuinn hesab edir ki, Məxfi Xidmət fəaliyyətini davam etdirməyə hazırdır. O, qurum daxilində əməkdaşların vəzifədə yüksəldilməsi ənənəsinin qorunmasının vacibliyini vurğulayıb. Bildirib ki, geri qayıtmasının məqsədlərindən biri direktor müavininin kənardan namizəd axtarılmadan, qurumun öz əməkdaşları arasından təyin edilməsi ənənəsini davam etdirmək olub. Kuinn bu məqsədə nail olunduğunu düşünür. Onun yerinə kimin təyin ediləcəyi hələ açıqlanmayıb.
Qeyd edək ki, Kuinnin istefası Tramp administrasiyasında baş verən digər kadr dəyişiklikləri fonunda qeydə alınıb. Bu həftə Ağ Ev mətbuat katibi Keti Zakariya da vəzifəsindən ayrılıb, ABŞ-ın Yunanıstandakı keçmiş səfiri Kimberli Qilfoyl isə istefa verib. Eyni zamanda, Məxfi Xidmət rəsmiləri prezident Donald Tramp da daxil olmaqla, mühafizə olunan şəxslərə qarşı təhdidlərin artdığını bildiriblər. Qurumun direktoru Şon Karranın sözlərinə görə, təhdidlərlə bağlı araşdırmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz artaraq 10 mini keçib.