ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən meşə yanğınları keçmiş prezident Riçard Niksonun San-Klementedəki iqamətgahını da təhlükə altına salıb.
Modern.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, yanğınlar artıq elit yaşayış məhəllələrinə çatıb. San-Klemente və qonşu San-Xuan-Kapistrano şəhərlərində azı altı ev yanaraq yararsız hala düşüb.
Malibu şəhərində isə 7 mindən çox lüks yaşayış evi yanğın təhlükəsi ilə üz-üzədir. Təhlükə altında olan mülklər arasında amerikalı repçi Cey-Zi və müğənni Beyonsun daşınmaz əmlakının da olduğu bildirilir.
Yanğınların yayılması ilə əlaqədar ərazidə yaşayan təxminən 16 min nəfərə təxliyə əmri verilib.
Xatırladaq ki, 1973-cü ildə burada ABŞ prezidenti Riçard Nikson və SSRİ lideri Leonid Brejnev nüvə müharibəsinin qarşısının alınmasına dair saziş imzalayıblar.
Qeyd edək ki, daha əvvəl Kaliforniyada baş verən meşə yanğınları səbəbindən 180 mindən çox sakinin elektrik enerjisi ilə təchizatının kəsildiyi bildirilmişdi.