Modern.az

İranın “Quantanamosu” - Yanan həbsxananın məşhur dustaqları

İranın “Quantanamosu” - Yanan həbsxananın məşhur dustaqları

Aktual

18 Oktyabr 2022, 11:51

Oktyabrın 15-də İranın paytaxtı Tehran şəhərində, Əlburz dağlarının ətəyində yerləşən Evin həbsxanasında yanğın baş verib. Məlumata görə, yanğın həbsxanada çıxan davadan sonra məhbuslar tərəfindən törədilib.

 

Modern.az xəbər verir ki, rəsmi məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub. Ölənlərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın həbsxanada quldurluq cinayətinə görə həbs olunan məhbusların saxlanıldığı hissədə baş verib. Dünya mətbuatının diqqətini çəkən hadisənin təfərrüatı barədə hər hansı açıqlama verilməyib. Bəzi KİV-lər insidenti məhbusların qiyamı kimi təqdim ediblər.

 

Məlumat üçün bildirək ki, İranın Tehran şəhərinin Evin məhəlləsində yerləşən həbsxana 1972-ci ildə Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə tikilib. Həbsxana 1979-cu ildə baş verən İslam İnqilabından əvvəl və sonra siyasi məhbusların saxlanıldığı əsas yer olub.

 

 

Həbsxananın ərazisində edam meydançası, məhkəmə zalı və ümumi cinayətkarlar və qadın məhbuslar üçün ayrıca kameralar mövcuddur. Sözügedən həbsxana əvvələr Şahın təhlükəsizlik və kəşfiyyat xidməti olan SAVAK tərəfindən idarə edilib. Cəzaçəkmə müəssisəsi ilkin olaraq 320 məhbusun yerləşdirilməsi üçün nəzərdə tutulub. İran İslam Respublikası dövründə həbsxana ərazisi genişləndirilərək 15 min məhbusun saxlanılması üçün şərait yaradılıb.

 

Olduqca böyük əraziyə malik kompleks tipli həbsxanada qondarma ittihamlarla üzləşən çoxlu sayda siyasi, o cümlədən ikili vətəndaşlığı olan məhbuslar cəza çəkir. Evin həbsxanası uzun müddətdir ki, hüquq qrupları tərəfindən tənqid edilir və 2018-ci ildə ABŞ hökuməti adıçəkilən cəzaçəkmə müəssisəsini "ciddi insan haqları pozuntularına" görə "qara siyahı"ya salınıb.

 

Evin həbsxanasında saxlanılanlar arasında tanınmış xarici vətəndaşlar da olub. 

 

ABŞ və İran vətəndaşlığı olan iş adamı Siamak Namazi 2015-ci ildə Tehranda ailəsini ziyarət edərkən İnqilab Keşikçiləri (SEPAH) tərəfindən saxlanılıb. O, 2016-cı ildə casusluq və ABŞ hökuməti ilə əməkdaşlıq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.

 

Digər siyasi məhbus Emad Şərqi 2017-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-dan İrana köçüb. İran əsilli amerikalı iş adamı ilk dəfə 2018-ci ildə texnoloji investisiya şirkətində işlədiyi zaman həbs edilib. O, səkkiz aydan sonra zaminə buraxılıb, ancaq ölkəni tərk etməsinə icazə verilməyib. 2020-ci ilin noyabrında məhkəmə onu casusluqda ittiham edib və 10 il müddətinə həbs cəzasına məhkum olunub. 

 

İddialara görə, Emad Şərqi dərhal həbs olunmayıb, lakin İran mediası onun 2021-ci ilin yanvarında İrandan qaçmağa cəhd edərkən həbs edildiyini yazıb.

 

İran əsilli amerikalı ekoloq Murad Təhbaz isə 2018-ci ildə həbs edilib. Həmçinin Britaniya vətəndaşlığı olan Təhbaz 2019-cu ildə İranın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmə və düşmən ABŞ hökuməti ilə əlaqədə olma ittihamı ilə 2019-cu ildə 10 il həbs cəzasına məhkum edilib.

 

Fransada yaşamış İran əsilli akademik Fariba Adelxah 2019-cu ildə həbs edilib. O, 2020-ci ildə ev dustaqlığına buraxılmazdan əvvəl təhlükəsizliklə bağlı ittihamlar əsasında beş il həbs cəzası alıb. Yanvar ayında yenidən həbsxanaya qaytarılıb.

 

2020-ci ilin oktyabrında Tehranda səfərdə olarkən həbs edilmiş Almaniyada yaşayan iranlı alman Nahid Taqavi hüquq müdafiəçisidir. Bir il sonra o, milli təhlükəsizlik ittihamı ilə 10 ildən çox həbs cəzasına məhkum edilib.

 

Bundan başqa Polşa vətəndaşı Maciey Valçak, İsveç əsilli İran vətəndaşı Əhmədrəza Cəlali, İran-Avstriya Dostluq Cəmiyyətinin həmsədri Məsud Mosaheb də Evin həbsxanasında saxlanılanlar arasındadır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı