"Azərbaycanla Ermənistan arasında mövcud sülh prosesi başlayandan bəri tərəflərin əsas məqsədlərindən biri hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması olub. Əslində bu bənd Azərbaycanın qətiyyətlə müdafiə etdiyi beş prinsipdən biridir".
Modern.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib.
"Bu səbəbdən Praqada Azərbaycan Prezidentinin, Ermənistan Baş Nazirinin, Fransa Prezidentinin və Avropa Şurası sədrinin görüşünün yekunlarına dair qəbul edilmiş birgə bəyanat əhəmiyyətli irəliləyiş və mühüm mərhələ oldu, çünki bəyanatda göstərilir ki, "Ermənistan və Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü və bir-birinin suverenliyini tanıyan Birləşmiş MillətlərTəşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər". Azərbaycan və Ermənistanda "bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını və sərhəd komissiyalarının növbəti iclasının oktyabrın sonunadək Brüsseldə keçiriləcəyini təsdiqləyiblər".
Azərbaycanla Ermənistan arasında gərginliyin bir neçə həftəsindən sonra bu bəyanat Tərəflərin sülhə sadiqliyinin xoş bir əlaməti oldu. Təxminən bir ilə yaxındır ki, Aİ-nın sülh prosesinə verdiyi fəal dəstəyi əvəzsiz olub və Fransa Prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün mühüm əhəmiyyət kəsb edib.
Digər ölkələr mühüm vasitəçilik rolunu oynayıblar, bu da onu göstərir ki, beynəlxalq ictimaiyyət inanır ki, sülh quruculuğu ilə bağlı çağırışlarının öhdəsindən gəlmək və Ermənistanla Azərbaycan arasında münaqişəni keçmişdə qoymağın vaxtı gəlib çatıb.
Millətlər arasında olduğu kimi İnsanlar arasında da dostluq sıfır məbləğli oyun deyil. Fransa Cənubi Qafqazın hər üç dövlətilə dostluq münasibətlərini saxlayır, necə ki, Azərbaycanın bir çox Avropa ölkələrilə dostluq münasibətləri var. Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlər mühüm, intensiv və uzunmüddətlidir və onlar Azərbaycanın müstəqillik əldə etdiyi 31 il bundan əvvəl ölkələrimizin liderlərinin şəxsi töhfələrindən faydalanıblar. Bu səbəbdən də mən əminəm ki, istənilən anlaşılmazlıq aradan qaldırıla bilər və qaldırılacaq.
Fransa və Azərbaycan təcrübəli və xoş niyyətlidir və mən şübhə etmirəm ki, biz birlikdə, oktyabrın 6-da Praqada Fransa və Azərbaycanın digər 42 ölkə ilə birlikdə işə saldığı Avropa Siyasi Birliyi tərəfindən nəzərdə tutulan, müstəqil, suveren Avropa dövlətləri arasında sülh sahəsində əməkdaşlığın ümumi məqsədinə nail olacağıq.
Yaşasın Praqa ruhu! Yaşasın Fransa-Azərbaycan dostluğu! Qoy, tezliklə Ermənistanla Azərbaycan arasında sülh əldə olunsun!", - Fransa səfirinin yaydığı bəyanatda qeyd olunub.