Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına düşən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımı xəstəxanada ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə səfir tivter hesabında yazıb.
“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - deyə səfir bildirib.
Qeyd edək ki, Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.