Əlamətdar haldır ki, Zəngilan Hava Limanının açılışı məhz oktyabr ayının 20-də – Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümü günündə baş tutdu. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi.
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi başlanan ilk andan Türkiyə Cümhur başqanı Rəcəb Tayyib Ərdoğan həmişə Azərbaycanın yanında olacağını, ona qardaş köməyini əsirgəməyəcəyini elan etmiş və bu günə kimi də ölkəmizə siyasi və mənəvi dəstək nümayiş etdirmiş, həmişə Azərbaycanın yanında olacağını bəyan etmişdi. Elə buna görə də Zəngilanın azad edilməsinin ikinci ildönümü günündə və Zəngilan Hava limanının açılışında Türkiyə Prezidenti Cənab Rəcəb Tayyub Ərdoğanın da iştirak etməsi, Zəngilan və Cəbrayılda olması, buradakı bərpa işləri ilə tanış olması mühüm əhəmiyyət və xüsusi məna daşıyır.
Bu, Türkiyənin daim Azərbaycanın yanında olmasının bir daha nümayiş etdirilməsidir. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarlarının hər iki qardaş ölkənin Prezidentinə təqdim edilməsi də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə-Azərbaycan qardaşlığının daha yüksək mərhələyə yüksəlməsinin bariz nümunəsidir.
Bu gün hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, yalnız rəsmi səviyyədə deyil, sadə vətəndaşların səmimi iradələridir. Bu, sadə insanların ən səmimi duyğularıdır. Bu duyğular qan yaddaşımızın oyanışı, ulu babalarımızın tarixi birliyinin bərpasının göstəricisi və qloballaşma, geosiyasi təlatümlər dövrünün məntiqi nəticəsi və tələbidir.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı