Modern.az

Gürcü ekspert İlham Əliyevin səfərini şərh etdi: “Sülh üçün yaxşı nümunədir”

Gürcü ekspert İlham Əliyevin səfərini şərh etdi: “Sülh üçün yaxşı nümunədir”

Aktual

25 Oktyabr 2022, 13:02

“Hazırda Cənubi Qafqaz regionunda lokal münaqişələrin olduğunu görürük. Bizim böyümək potensialımız olsa da, Qafqazda bəzi dövlətlərin buna qarşı çıxdığını müşahidə edirik. Amma buna baxmayaraq, Cənubi Qafqazda Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın yaxşı nümunəsidir. İki ölkə arasında müsbət əlaqələr var. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri regionda sülh və etimadın qurulmasına töhfə verə bilər”. 

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ilə bağlı bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında əlaqələrə yenidən töhfə verə bilər: 

 

“Bildiyiniz kimi, Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe tutan Gürcüstan tərəflər arasında vasitəçiliyə üstünlük verir. Vaxtilə Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində, erməni əsirlərin mina xəritələri müqabilində dəyişdirilməsində vasitəçi kimi müsbət rol oynayıb. Bu yaxşı nümunədir və bu istiqamətdə işlər davam etdirilməyə layiqdir. Lakin Gürcüstanın imkanları Cənubi Qafqazda sülhün bərqərar olmasında həlledici rol oynamalı olan böyük oyunçuların imkanları ilə müqayisə edilə bilməz. Ona görə də Gürcüstana bununla bağlı dəstək vermək lazımdır". 

 

 

“Bildiyimə görə, Prezident İlham Əliyevin səfəri zamanı danışıqların əsas mövzusu hazırda Avropa İttifaqını enerji ilə təmin etmək üçün alternativ enerji tranzit dəhlizlərindən istifadə edilməsi olub. Burada Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar açılır. Enerji resurslarının Avropa İttifaqı ölkələrinə çatdırılması üçün yeni marşrutların açılması dinc mühit tələb edir. Burada Ermənistan, Azərbaycan və Gürcüstan müəyyən mənada prosesin iştirakçısına çevrilsə, ümumi dil tapa bilərlər”, - deyə gürcüstanlı ekspert vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib, daha sonra birlikdə mətbuata bəyanatla çıxış ediblər. Liderlər Azərbaycan və Gürcüstan arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini bildirərək, yeni hədəflərlə bağlı mühüm mesajlar veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı