Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk, Bakı Anadolu Litseyinin müdir yardımçısı Sadiq Qafarov, Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru Şahin Xurşudov və universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirak ediblər.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qonaqları salamlamış və yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün Türk dünyası üçün nümunə olduğunu qeyd edib.
Rektor universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılmış şərait, universitetin maddi-texniki bazası, Yataqxana Kompleksi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində gerçəkləşən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə yüksək əməkdaşlıq müqaviləsi mövcuddur. Gələcəkdə bu əməkdaşlıq daha da genişləndiriləcək, Türkiyə univesitetləri ilə ikili diplom layihəsi həyata keçiriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel görüşdən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq nümayiş etdirilir.
Fikir mübadiləsi zamanı Gəncə Dövlət Universiteti ilə reallaşması gözlənilən ikili diplom layihəsinin tezliklə həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel universitetdə təhsil alan Türkiyədən olan tələbələr haqqında maraqlanmışdır.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.