Azərbaycanın Vətən müharibəsində qəhrəman ordumuzun şücaəti dünya hərb tarixinə yazılacaq bir iz qoydu. Müzəffər Ali Baş Komandanın uğurlu rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar düşməni elə bir vəziyyətə saldı ki, fərarilik və təslimçilik işğalçının yeganə qurtuluş yoluna çevrildi.
Şuşanın azad olunmasından sonra hərb meydanında tam məğlub olan Ermənistanın siyasi, hərbi hakimiyyəti Prezident İlham Əliyevin təkcə hərbi komandan kimi deyil, həm də lider kimi bütün cəbhə boyu qalibiyyəti qarşısında rəzil duruma düşdü. Hərb meydanındakı parlaq zəfəri diplomatik müstəvidə Azərbaycan həqiqətlərini qəbul etdirmək uğuru ilə birləşdirən Prezident İlham Əliyev Ermənistanı faktik olaraq kapitulyasiya dalanına gətirdi. Gözləntilər özünü doğrultdu. 2020-ci il 10 noyabr tarixində məğlubiyyət tam rəsmiləşdi və Ermənistan kaputilyasiya sənədinə imza atdı.
Beləliklə, 10 noyabr Bəyannaməsi kapitulyasiya aktı kimi Ermənistanın tam məğlubiyyətini göstərməklə yanaşı, bir neçə mühüm siyasi məqamları da özündə ehtiva etdi. Əvvəla, bu sənədlə Azərbaycan BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrini yerinə yetirmiş oldu. İkincisi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan boşaldılması Azərbaycanın hərbi qüdrətinə rəğmən humanizm prinsiplərinə sadiq olmasını bir daha təsdiqlədi. Üçüncüsü, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlik həm Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılmasında, həm də böyük Şərq-Qərb kommunikasiya xəttinin iqtisadi rentabelliyində önəmli zəminə çevrildi. Nəhayət, 10 noyabr sənədi ilə Cənubi Qafqazda daimi sülhün və sabitliyin əldə olunmasının əsasını qoyuldu.
Bir sözlə, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin hüquqi təsdiqi və işğalçının kapitulyasiyası olan məlum bəyannamə yalnız ölkəmiz üçün deyil, bütövlükdə regionun gələcək siyasi, iqtisadi inkişafı üçün mühüm faktora çevrildi.
Bu gün artıq Azərbaycan bölgənin lider dövləti kimi mümkün inkişaf perspektivlərini öz nəzarətində saxlayır və bu inkişafı təmin edir. Bu prosesin uğurlu icrasını gerçəkləşdirən Prezident İlham Əliyevin peşəkar siyasəti və lider kimi beynəlxalq arenada tutduğu mövqe ölkəmizin inkişafının əsasını şərtləndirir. Beləliklə, 10 noyabr üçtərəfli Bəyannamə Ermənistanın məglubiyyət sənədidir. Bu tarixi sənəd Vətən savaşında əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra suyu qurumaqda olan gölə bənzəyən Ermənistana rəsmi Bakı tərəfindən verilmiş son şansdır. İşğalçı ölkə unutmamalıdır ki, qarşısında 1991-1992-ci illərin topu, tankı olmayan Azərbaycan yox, 2022-ci ilin qüdrətli Azərbaycanı və bu dövləti yenilməz edən Sərkərdəsi - Baş Komandanı var.
Bizimlə hədə dilində danışmaq istəyənlərin, ərazi bütövlüyümüzə qarşı çıxanların sonu da məhz 10 noyabr Bəyannaməsi kimi rüsvayçı təslimçilik aktı ilə üzləşmək olacaq!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı