İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndələri arasında Tehranın nüvə proqramı ilə bağlı Vyanada aparılan danışıqlar nəticəsiz başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Rafael Qrossi bildirib.
Qrossi daha əvvəl BMT-nin 27-ci İqlim Dəyişikliyi Konfransı (COP27) ərəfəsində demişdi ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlar bitməyib və İran öz öhdəliklərini yerinə yetirir.
"Deməli, onlar budəfəki danışıqlara yeni heç nə gətirməyiblər", - Qrossi “Reuters”ə deyib.
O qeyd edib ki, MAQATE nümayəndələri danışıqları davam etdirmək üçün bir neçə həftədən sonra İrana yola düşəcək.
İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, ABŞ, Aİ və İranın özünün iştirak etdiyi uzunmüddətli danışıqlar nəticəsində qəbul edilib. Bununla belə, 2018-ci ilin mayında ABŞ-ın əvvəlki administrasiyası sazişdən çıxdığını elan edib. Ötən ilin noyabrında Vyanada İranın nüvə proqramı və Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılması ilə bağlı danışıqlar başlayıb.