Modern.az

Deputat gəncləri təbrik etdi

Deputat gəncləri təbrik etdi

Aktual

10 Noyabr 2022, 12:48

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan gənclərini Ümumdünya Gənclər günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, parlamentari gənclərə xoş arzularını çatdırıb:

 

“Dünya miqyasında belə bir günün təsis edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, dünyanın gənclərə inamı və onlardan gözləntiləri var. Bu elə gözləntilərdir ki, dünya miqyaslı proseslərə təsir edə və dünyanı daha sağlam və təhlükəsiz edə bilər. Müasir qloballaşma dövründə irəli sürülən təşəbbüslərin və atılan addımların çoxu ümumdünya əhəmiyyəti daşıyır. Məsələn, son illərdə İsveçli gənc məktəbli qız Qreta Tunberqin təşəbbüsü ilə başlayan ekoloji hərəkat qısa bir müddətdə bütün qitələri əhatə etdi və yaşından asılı olmayaraq planetin milyonlarla sakini onun təşəbbüsünə qoşuldu. Bu təşəbbüs öz növbəsində dünya boyunca “yaşıl” partiyaların mövqeyini beynəlxalq siyasət arenasında gücləndirdi. Hazırda çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər Qreta Tunberq hərəkatının tələblərini real siyasətdə tətbiq edirlər. Belə nümunələr gəncliyin hansı gücə malik olduğunu göstərən çox gözəl örnəkdir. Tunberq təşəbbüsünün uğuru gəncləri daha inamlı olmağa və dünyanın taleyi ilə bağlı daha cəsarətli addımlar atmağa sövq edir. Dünya dəyişir və dəyişən dünyada insanların hüquq və vəzifələri də dəyişir. Bu günkü gənclik daha böyük məsuliyyətlə, daha böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu kimi təşəbbüslər qlobal həyatın daha çox sahələrini əhatə etməyə başlayır. Bir sıra Avropa ölkələrində yaşı 25- 40 arasında olan gənclər dövlət idarəçiliyinə seçilir və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər. Bütün bunlar onu göstərir ki, dünya gəncliyi qlobal problemlərin çözülməsində həlledici gücə çevrilə bilər.

 

Azərbaycan gəncliyi Zəfərdə öz sözünü deyib. Dövlət tərəfindən həyata keçirilən xaricdə təhsil proqramları minlərlə Azərbaycanlı gəncin dünya  təhsil sisteminin ən qabaqcıl nailiyyətlərini mənimsəməsi üçün şərait yaradır. Bu gün Azərbaycan gəncləri dünyanın əksər ölkələrinin cəmiyyətlərində özlərinə layiqli yer tuta bilir. Onların arasında çox müxtəlif peşə sahibləri var. Ölkə daxilində idarəetmə sistemində birmənalı olaraq gənclərə üstünlük verilməsi ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısını göstərən faktlardır. Bütün bunlar göstərir ki, gəncliyimizin enerjisi tükənməzdir və bu enerjini real fəaliyyətə çevirmək üçün potensial imkanlar da genişdir. Ona görə gənclərimizə daha çox çalışmağı və öyrənməyi, üzərinə daha çox məsuliyyət götürməkdən çəkinməməyi və ictimai-siyasi, sosial-mədəni həyatda daha çox təşəbbüskar olmağı tövsiyə edərdim. Mən qlobal miqyasda ictimai şüurun yeni bir mərhələyə adladığına və bu mərhələdə dünyanın xoş gələcəyinə inanıram. Bu xoş gələcəyin yaradıcıları isə məhz gənclərimizdir. Bu möhtəşəm missiyanın həyata keçirilməsində bütün gənclərimizə uğurlar arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?