Modern.az

Rusiya Ukraynada niyə geri çəkilir?

Rusiya Ukraynada niyə geri çəkilir?

Aktual

12 Noyabr 2022, 09:34

Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Ukrayna Ordusu torpaqların işğaldan azad edilməsi üçün var gücü ilə mübarizə aparır. Dünən Rusiya Xerson vilayətindən geri çəkilməli olub. Bunu Ukraynanın uğuru kimi qiymətləndirirlər. Ukrayna ümidlidir ki, belə davam edəcəyi təqdirdə ruslar işğal olunmuş digər ərazilərdən də tamamilə çıxacaq.
 

Bəs həqiqətənmi, ruslar məğlub olduqlarına görə geri çəkilir?
 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya Ukrayna qoşunlarını bacardığı qədər Xerson istiqamətində saxlamağa çalışacaq:


“Ukrayna tərəfi düşünür ki, Rusiya Xersondan elə-belə çəkilməz. Hesab edilir ki, Rusiyanın bu addımı taktiki xarakter daşıyır. Ona görə də, Ukrayna qoşunları şəhərə girməyə tələsmirdi. Hadisələrin gedişi göstərir ki, bölgədə hələ də Rusiyaya aid xeyli hərbçi var. Xersondan çıxanlar mülki əhalidir. Rusiya Ukraynanın diqqətini Xersonda saxlamaq istəyir. Moskva bunu bacarsa, Ukrayna öz qoşunlarından digər istiqamətlərdə, məsələn Donetsk və Luqanskda istifadə edə bilməyəcək. Ortada vaxt udmaq söhbəti var. Digər tərəfdən Rusiya Krım istiqamətindəki müdafiə obyektlərini möhkəmləndirən işlər görür. Bu baxımdan dırnaqarası Xerson əməliyyatı elə də sadə bir hadisəyə bənzəmir”.
 


Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlarla bağlı açıqlamaları ilə Rusiyadaxili qüvvələrə mesaj verib:
 

“Zelenskinin “hakimiyyət dəyişməyincə, danışıqlar masasına oturmayacam” deməsi Rusiyadaxili qüvvələrə bir mesaj ola bilər. Ola bilsin ki, bu, Rusiya daxilində hansısa qüvvələrin nəsə etməsinə yönəlib. Eyni zamanda,  2024-cü ildə Rusiyada seçkilər keçiriləcək. Zelenskinin bu sözü 2024-cü ilə qədər danışıqların olmayacağına işarədir. Ancaq bu iki il ərzində Rusiya və Ukrayna hansı durumda olacaq? Bax, məsələ budur. Hazırda müşahidələr onu göstərir ki Rusiya Ukraynada infrastrukturu, mülki və hərbi obyektləri dağıdır. Bu, bir il də davam etsə, vəziyyət nə yerdə olacaq? Demək, çətindir”.
 

İ.Vəlizadə vurğulayıb ki, 2-3 aya hərbi əməliyyatlar daha da şiddətli hal ala bilər:
 

“Ukrayna raket əleyhinə sistemlər gətirir. Daha effektiv müdafiə sistemi qurur, Krım və Donetsk istiqamətində əks-hücum əməliyyatı hazırlayır. Bu da yaxın aylarda hərbi əməliyyatların şiddətinin artacağını göstərir. Bu nə ilə nəticələnəcək, indidən demək çətindir. Hər halda müharibə Rusiyanın ərazisində getmir. Rusiyanın əraziləri dağılmır. Müharibə Ukrayna ərazisində gedir və ən böyük zərəri məhz bu ölkə görür".
 

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Rusiya qoşunlarının Xersondan geri çəkilməsini belə şərh edib:
 

"Rusiya Kütləvi İnformasiya Vasitələri orada baş verənləri tam şəkildə şərh edirlər. Xüsusi əməliyyata cavabdeh olan ordu generalı Surovikin də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Deyib ki, Xersondan rus qoşunlarının dislokasiyası zərurətdən irəli gəlir. Yəni burada geri çəkilmə məsələsi yoxdur".
 


R.Qurbanov Zelenskinin danışıqlarla bağlı mövqeyini də dəyərləndirib:


"Prezident Zelenskinin Rusiya lideri ilə görüş masasına qayıtmayacağını deməsi onun səriştəsizliyini və təcrübəsizliyini göstərir. Adətən məğlub tərəf özü danışıqlar masasına oturmaq istəyir ki, onun itkisi az olsun. İqtisadiyyatına az zərbə dəysin. Zelenski bunun tam əksinə çıxış edir. O nəzərə almalıdır ki, bu gün Ukraynanın 30 faizi rusların nəzarəti altındadır. Zelenskinin "hakimiyyət dəyişməyincə, danışıqlara getməyəcəm",- deməsi də qəbuledilməzdir. Axı, ruslar xüsusi əməliyyat nəticəsində Ukraynanın 30 faiz ərazisinə nəzarət edir. 4 ərazi referandum ilə Rusiyaya birləşdirilib. Rusiya bu qədər maddi, hərbi vəsait istifadə edib. Böyük əraziləri ələ keçirib. İndi bütün bunlardan Rusiya əl çəksin? Zelenski danışıqlara qayıdacaq deyə, qalib ölkənin lideri istefa versin? Bu ağlı başında olan bir şəxsin deyəcəyi şey deyil. Hər bir hərbi qarşıdurma sonda diplomatiya ilə həll olunur. Belə çıxır ki, Zelenski xalqın mənafeyindən yox, öz mənafeyindən çıxış edir. O, itkilərin çoxalmasını istəyir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?